“VAS Trade” şirkəti etibarsız təchizatçılar siyahısına salınıb.
1xeber.media Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət 2028-ci il aprelin 21-dək satınalma müsabiqələrində iştirak edə bilməyəcək.
“VAS Trade” MMC-nin “qara siyahı”ya salınmasının səbəbi müqavilənin icrasından imtina etməsi olub.
Hansı müqavilədən söhbət getdiyi barədə açıq mənbələrdə məlumat yoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “VAS Trade” MMC 2025-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Abşeron rayonu, Novxanı kəndi, ev 35-dir. Şirkətin qanuni təmsilçisi Sadıqov Vaqif Asif oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında əlavə məlumat yoxdur.
Dövlət satınalmalarının vahid internet portalında apardığımız araşdırmaya əsasən, “VAS Trade” MMC cari ildə müxtəlif dövlət qurumları ilə 21 satınalma müqaviləsi imzalayıb.
Müqavilələr əsasən yumşaq inventar, dəftərxana ləvazimatları və xüsusi geyimlərin satın alınması üzrə bağlanıb.