Oktyabrın 23-də “SOCGOV 2026” beynəlxalq forumda iştirak edən qonaqlar Xankəndi şəhərində gəzintidə olub, daha sonra Qarabağ Universitetini ziyarət ediblər.
1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Əmək və7 Əhalinin Sosial müdafiəsi naziri Anar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini şəhər gəzintisi zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları müşayiət ediblər. Qonaqlara Xankəndidə aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri, şəhərin infrastrukturunun yenilənməsi, eləcə də ərazidə yeni həyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti Zəfər parkını da ziyarət edib. Forum iştirakçıları Qarabağ Universiteti ilə tanış olublar. Universitetin rektoru Şahin Bayramov nümayəndə heyətini qarşılayaraq, ali təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi, təhsil imkanları və inkişaf perspektivləri, universitetin infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlər, tikintisi davam etdirilən korpuslar və müasir tədris mühitinin yaradılması haqqında məlumat verib. Qonaqlar universitetin kitabxanası ilə də tanış olublar. Onlara kitabxananın imkanları, təhsilalanların informasiya resurslarına çıxışı və tədris prosesinin təşkili barədə məlumat verilib.
Ziyarət çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetinin fəaliyyəti, bölgədə ali təhsilin inkişafı və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən layihələrlə yaxından tanış olub.Qeyd edək ki, “SOCGOV 2026” beynəlxalq forumu oktyabrın 23-də Xankəndi şəhərində keçirilir. “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusuna həsr olunan tədbirdə 12 ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.


