Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər müvəqqəti fikir ayrılıqlarından daha dərin tarixi və mədəni bağlara əsaslanır.
1xeber.media xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bəyan edib.
Bağçalı partiyanın İdarə Heyətinin iclasından sonra yaydığı yazılı açıqlamada Türk dövlətləri arasındakı münasibətlərin kənardan formalaşdırılan siyasi layihələrə və geosiyasi hesablamalara sığmayacaq qədər dərin köklərə malik olduğunu bildirib.
O qeyd edib ki, Türk dünyasının gələcəyi müstəqil dövlətlərin suverenliyinə, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və etimada əsaslanmalıdır. Bağçalı gələn həftə Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısını ortaq gələcək iradəsinin mühüm göstəricisi kimi qiymətləndirib.
MHP sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevi zirvə toplantısına dəvət etməsinin iki ölkə arasındakı tarixi və strateji münasibətlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Bağçalı bildirib ki, dövlətlər arasında fərqli yanaşmalar və həllini gözləyən məsələlər yarana bilər. Onun sözlərinə görə, belə məsələlər qardaşlıq münasibətlərinə zərər vurmadan, qarşılıqlı anlaşma və birbaşa dialoq yolu ilə həll edilməlidir.
O, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı etimadın qorunmasını iki ölkənin həmrəyliyi və Türk dünyasının gələcək əməkdaşlığı baxımından vacib hesab etdiyini bildirib.