Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi; “Qubadlıya öz
sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı
şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Azərbaycanın müasir tarixində elə günlər var ki,
onlar xalqın yaddaşında təkcə xronoloji hadisə kimi deyil, milli kimliyin, mübarizə ruhunun və dövlət
iradəsinin təntənəsi kimi yaşayır. 25 oktyabr – Qubadlı şəhəri günü məhz belə günlərdəndir. Bu tarix
Vətən müharibəsində dönüş nöqtələrindən biri, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin
parlaq səhifəsi kimi yaddaşlara yazılıb.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. 802
kvadrat kilometr ərazisi ilə bu diyar həm coğrafi, həm də strateji baxımdan ölkənin müdafiə sistemində
mühüm yer tutur. Səthi əsasən dağlıq olan Qubadlı qərbdən Ermənistanla sərhəddə yerləşməklə, həm
Qarabağ, həm də Zəngəzur istiqamətində mühüm strateji qovşaq rolunu oynayır. Həkəri və Bərgüşad
çaylarının sulu vadiləri, məhsuldar torpaqları, təbii sərvətləri bu diyarı həm iqtisadi, həm də ekoloji
baxımdan əvəzsiz edir. İşğala qədər Qubadlıda 13160 hektar meşə sahəsi, zəngin mərmər və mişar
daşı yataqları, əqiq, yəşəm, tuf kimi nadir mineral resurslar mövcud idi. “Yazı düzü”, “Gəyən” və
“Məzrə” kimi düzənliklərdə əkinçilik, üzümçülük, tütünçülük və heyvandarlıq inkişaf etmişdi. Rayonun
iqtisadi siması zəhmətsevər insanların alın təri ilə yoğrulmuşdu. 1988-ci ildən başlayaraq Ermənistanın
təcavüzkar siyasəti Qubadlıya qarşı sistemli formada həyata keçirildi. 1993-cü ilin avqustun 31-də
Qubadlı tam işğal olundu. 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 161 mədəniyyət obyekti, 7 məscid, 148
sosial bina, minlərlə kilometr kommunikasiya xətləri yerlə yeksan edildi. 30 minə yaxın qubadlılı doğma
yurdunu tərk etməyə məcbur oldu. İşğal dövründə Ermənistan burada beynəlxalq hüquqa zidd olaraq
qanunsuz məskunlaşma siyasəti həyata keçirdi. Xaricdən gətirilmiş ermənilər Xanlıq qəsəbəsində və
ətraf kəndlərdə yerləşdirildi. Bu, Cenevrə konvensiyalarının açıq pozuntusu idi.
2020-ci ilin payızında Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında Vətən müharibəsini başladarkən, məqsəd təkcə torpaqların deyil, milli ləyaqətin də
azad olunması idi. Qubadlı uğrunda döyüşlər bu mübarizənin ən çətin, lakin ən şərəfli mərhələlərindən
biri oldu. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə hərbi birləşmələr
yerləşdirmişdilər. Lakin Azərbaycan Ordusu yüksək peşəkarlıq və fədakarlıq nümunəsi göstərərək, bir-
birinin ardınca strateji yüksəklikləri ələ keçirdi – Xanlıq, Padar, Sarıyataq kimi kəndlər azad olundu.
Nəhayət, 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini işğaldan azad etdi. Bu
zəfər artıq Şuşaya gedən yolun qapısını açdı. Bu qəhrəmanlıq tarixini əbədiləşdirmək üçün 26 noyabr
2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. 15209 hərbi qulluqçu bu medalla
təltif olundu – bu, dövlətin igid övladlarına verdiyi ən ali dəyərlərdən biridir. Cənab Prezident İlham
Əliyevin siyasətində Qubadlının dirçəlişi də əsaslı yer tutdu. Zəfərdən sonra Qubadlı təkcə azad edilən
torpaq deyil, həm də yenidənqurulan və gələcəyə inamla addımlayan diyar kimi dövlət siyasətinin
mərkəzinə çevrildi. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabr
“Qubadlı şəhəri günü” elan edildi. Bu qərar həm tarixi ədalətin, həm də milli yaddaşın bərpasıdır. Cənab
Prezidentin tapşırığı ilə Qubadlıda böyük bərpa layihələri həyata keçirilir. “Qubadlı” yarımstansiyasının
inşası bölgənin 2050-ci ilə qədərki inkişafını təmin edəcək. Qubadlı-Eyvazlı avtomobil yolu, yeni
Qubadlı–Laçın magistralı, 20 milyon manatlıq dövlət investisiyası bu torpağın iqtisadi həyatını bərpa
etməyə yönəlib. 2021-ci ildə yaradılan “Qubadlı” gömrük postu artıq regionun logistika təhlükəsizliyində
mühüm rol oynayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qubadlıya səfərləri bu torpağın
həyatına yeni nəfəs gətirib. 23 dekabr 2020-ci ildə Prezident Qubadlıda Azərbaycan bayrağını
ucaldaraq tarix yazdı. Bu, azadlığın rəmzi idi. 25 oktyabr 2021-ci ildə “Qubadlı” yarımstansiyasının,
Xanlıq–Qubadlı yolunun, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışlarında iştirak etdi,
ictimaiyyətlə görüşdü. 19 oktyabr 2022-ci ildə “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə
tanış oldu, yeni enerji infrastrukturunun təməlini qoydu. 4 may 2023-cü ildə isə Qubadlı şəhərində ilk
yaşayış məhəlləsinin, inzibati binanın, məktəbin, xəstəxananın və kəndlərin təməlini atdı. Bu səfərlər
təkcə iqtisadi və sosial layihələrin yox, həm də dövlətin xalqına qovuşma fəlsəfəsinin ifadəsidir.
Bu gün Qubadlıda həyat yenidən canlanır. Əllər yenə torpağa uzanır, çaylar yenidən kəndləri
cana gətirir, yollar ümidlə çəkilir. Qubadlı artıq işğalın deyil, dirçəlişin, qürurun və dövlətçilik iradəsinin
simvoludur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Bizim xalqımız öz torpaqlarına qayıdıb və bir
daha heç kim onu bu torpaqlardan qopara bilməz.” Bu inam, bu qətiyyət, bu iradə Qubadlının, eləcə də
bütün azad edilmiş torpaqların gələcək inkişafının əsas təminatıdır.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru