Вернуться назад Распечатать

"Hələ tezdir" paradoksu: Gənclər niyə ailə qurmağı gecikdirir?

 Əvvəllər ssenari çox sadə və hər kəs üçün eyni idi: məktəb bitir, universitetə qəbul olursan (yaxud hərbi xidmətə gedirsən) və 22-25 yaş arasında mütləq ailə qurmalıydın. Bu, cəmiyyətin yazılmamış qanunu, həyatın növbəti məcburi dayanacağı idi. Bu gün isə 30 yaşında subay olan gənc artıq təəccüb doğurmur. Əksinə, gənclər evlilik təkliflərini və toy planlarını hər il bir az da irəli tarixlərə sürüşdürürlər.
Bəs nə dəyişdi? Gənclər niyə ailə qurmağı gecikdirir?
İlk ağıla gələn cavab təbii ki, iqtisadi səbəblərdir: artan mənzil qiymətləri, dəbdəbəli toy xərcləri, toy bitəndən sonra başlayacaq dolanışıq dərdi. Bəli, bu faktorlar danılmazdır, amma məsələ sadəcə maddi deyil. Səbəb həm də gənclərin "xoşbəxtlik" və "azadlıq" anlayışlarının tamamilə dəyişməsindədir.
Müasir gənclik ilk növbədə fərd olmaq istəyir. Əvvəlki nəsillər ailə qurub birlikdə böyüyürdülərsə, indikilər əvvəlcə təkbaşına böyüməyi, öz ayaqları üzərində durmağı seçirlər. Gənclər indi öz şəxsiyyətlərini evlilik üzərində deyil, karyera, səyahətlər və şəxsi inkişaf üzərində inşa edirlər. Onlar başa düşürlər ki, özünü tanımayan, nə istədiyini bilməyən bir insanın başqa birini xoşbəxt etməsi mümkün deyil.
Digər bir tərəfdən isə qarşımızda "mükəmməllik tələsi" var. Sosial şəbəkələr, psixoloji bloqlar bizə ideal münasibətləri, "ruh əkizi" anlayışını elə aşılayıb ki, gənclər kiçik bir qüsur gördükləri an geri çəkilirlər. "Daha yaxşısı qarşıma çıxa bilər" düşüncəsi, limitsiz seçim imkanı yaradan rəqəmsal dünya insanları qərar verməkdən qorxudur. Evlilik artıq romantik bir addım deyil, riskləri hesablanmalı olan ciddi bir layihə kimi qəbul edilir.
Ən əsası isə qorxu faktorudur. Ətrafda artan boşanma statistikaları, valideynlərinin mutsuz evliliklərinə şahid olan gənclərin travmaları onları ehtiyatlı davranmağa məcbur edir. "Uğursuz olmaqdansa, tək olmaq yaxşıdır" fəlsəfəsi getdikcə güclənir.
Evliliyin gecikməsi gənclərin məsuliyyətsizliyindən yox, bəlkə də məsuliyyəti daha dərindən dərk etmələrindən xəbər verir. Onlar sadəcə "evlənmiş olmaq üçün" yox, həqiqətən hazır olduqları zaman bu addımı atmaq istəyirlər. Və bəlkə də, cəmiyyət olaraq onlara "Nə vaxt evlənirsən?" sualını verməyi dayandırıb, "Özünü necə hiss edirsən?" deyə soruşmağın vaxtı çoxdan çatıb.
Aidə Tofiqqızı