İkinci Qarabağ müharibəsində ordumuz tarixi qələbələr qazana-qazana Böyük Qələbəyə
yaxınlaşırdı. Oktyabrın 25-i müharibənin gedişində əhəmiyyətli mərhələ oldu. Qubadlının
işğaldan azad edilməsi əməliyyatı başladı. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular.
Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün
yüksəkliklər götürüldü. Rayonun Xanlıq, Padar, Sarıyataq kəndləri işğaldan azad edildi və
strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri
şəhəri düşməndən təmizlədi, noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad
olundu.
Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev Qubadlı rayonunun işğaldan azad
edilməsinin ildönümündə rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə “Bu gün bu şanlı
Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” söyləyərək
bildirmişdi ki, Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək.
Azad edilmiş bütün şəhər-kəndlərimizdə bərpa işləri başa çatandan sonra şəhidlərimizin adına
küçələr salınacaq, adları məktəblərə veriləcək. Artıq bu proses başlamışdır. “Hər bir yaşayış
məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə
qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi
Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz
hamımız yaşadıq.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri də
Qubadlı rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə 25 oktyabr 2021-ci
il tarixdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi.
Xatırladaq ki, Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər 93 kənd
vardı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olmuşdur. Qubadlı rayonu 31
avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon
Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir. Kəndlərin əksər
hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. İşğal nəticəsində rayondan 30 minə
yaxın məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşdı. 94 yaşayış
məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti,
7 məscid, 16 körpü dağıdıldı...
44 günlük Vətən müharibəsində Qəhrəman oğullarımız Qubadlını işğaldan azad etdi. Bu
müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad olunması Böyük
Qələbəni yaxınlaşdırdı. Uzun illər ayrı qaldığımız torpaqlarımıza addım-addım yaxınlaşırdıq.
Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir
yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar.
Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri
hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Bütün açıq və gizli havadarlarının köməyinə
baxmayaraq, düşmən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirdi. Dünya
Azərbaycan adlı ölkənin qüdrətinə, şücaətinə, yenilməzliyinə və varlığına şahid oldu. Dünyaya
bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. İkinci Qarabağ müharibəsi
gücümüzü, milli ruhumuzu göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında xalq bir yumruq kimi birləşdi. Hər rayonun işğaldan
azad edilməsinə ayrıca ehtiram ümumən tarixi Zəfərə olan ehtiramdır. 2020-ci il noyabrın 26-
da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.Qubadlı rayonunun işğaldan azad
edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət
nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezidentin
müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Qubadlı rayonu təbii yataqları ilə fərqlənir. Rayonun işğaldan azad edilməsi ilə tikinti
sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılamaq mümükündür. İndi bütün işğaldan
azad olunmuş torpaqlarımızda yenidənqurma işləri gedir. Prezident İlham Əliyevin 31 iyul
2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri
üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri
günü kimi müəyyən olunub.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda
“Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib, 2021-ci il oktyabrın
25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı oldu, Qubadlı-
Eyvazlı avtomobil yolunun tikintisi davam edir. İşğaldan azad edilmiş torpaqlarda gömrük
qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, ümumilikdə gömrük nəzarətinin
tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 2021-ci il oktyabrın 27-də Cənub Ərazi
Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan sonra Qubadlıya 4
dəfə səfər edib. Bu səfərlərin hər biri rayonda davam edən böyük quruculuq işlərinin daha da
genişlənməsində əhəmiyyətli olub.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri