Вернуться назад Распечатать

Paşinyan həyat yoldaşı ilə birgə görüntüləndi-Foto

1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla səkkiz aydan sonra ilk dəfə birlikdə ictimai tədbirdə görüntülənib.

Ermənistan mediasının məlumatına görə, cütlük Ermənistan Milli Qalereyasında açılan sərgini ziyarət edib. Sərgi Anna Akopyanın rəhbərlik etdiyi “Daha dözməyəcəyik” adlı ailədaxili zorakılığa qarşı hərəkat çərçivəsində təşkil olunub.

Sərgidə müxtəlif ölkələrdə ailədaxili zorakılığa qarşı mübarizə məqsədilə həyata keçirilmiş təşəbbüsləri əks etdirən eksponatlar nümayiş etdirilib. Təqdim olunan nümunələr Avstraliya, Yeni Zelandiya, İtaliya, Çili və Finlandiya da daxil olmaqla bir sıra ölkələrdə baş vermiş hadisələrlə bağlıdır.

Paşinyan və Akopyanın birgə görüntülənməsi Ermənistan mediasında onların münasibətlərini bərpa etməsi ilə bağlı müzakirələrə səbəb olub. Bununla belə, cütlüyün barışdığını təsdiqləyən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Anna Akopyan fevralın 27-də Nikol Paşinyandan ayrıldığını elan etmiş, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. İyun ayında keçirilən parlament seçkiləri zamanı isə o, hakim “Vətəndaş müqaviləsi” partiyasına dəstək ifadə etmişdi.

Nikol Paşinyan və Anna Akopyan tələbəlik illərində, 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsində jurnalistika ixtisası üzrə təhsil alarkən tanış olublar. Onların münasibətləri sonradan həm şəxsi, həm də peşəkar müstəvidə davam edib.

Cütlüyün dörd övladı var: Aşot, Mariam, Şuşanna və Arpine. Anna Akopyan 2018-ci ildə “Mənim addımım” xeyriyyə fondunu təsis edib.