1xeber.media xəbər verir ki, Fransa Rusiyaya qarşı çəkindirmə siyasətini gücləndirmək məqsədilə Avropa ölkələri ilə hərbi əməkdaşlığını genişləndirir. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, “qabaqcıl çəkindirmə” adlandırılan plan çərçivəsində nüvə silahı daşıya bilən “Rafale” qırıcılarının Avropanın müxtəlif ölkələrində yerləşdirilməsi nəzərdə tutulur.
Plan həmçinin müttəfiqlərlə hərbi rabitə infrastrukturunun inkişafını, erkən xəbərdarlıq sistemlərinin qurulmasını və kəşfiyyat məlumatlarının mübadiləsini əhatə edir.
Layihənin əsas məqsədi Rusiyanın mümkün hərbi addımlarına qarşı qeyri-müəyyənlik yaratmaq və Moskvanın hərbi planlaşdırmasını çətinləşdirməkdir.
Fransa Prezidenti Emmanuel Makronun strateji məsələlər üzrə müşaviri Ksavye Şatel bildirib ki, bu yanaşma potensial rəqib üçün əlavə çətinliklər yaradır və Rusiyanın nəzərə almalı olduğu amillərin sayını artırır.
Fransanın bu təşəbbüsü Avropada nüvə çəkindirməsi və müttəfiqlərin müdafiə sahəsində əməkdaşlığı ilə bağlı müzakirələrin genişləndiyi bir vaxta təsadüf edir.