Вернуться назад Распечатать

Le Pen Fransanı “sülh ölkəsi” etməyi vəd etdi

1xeber.media xəbər verir ki, Fransanın “Milli Birlik” partiyasından prezidentliyə namizəd Marin Le Pen 2027-ci il seçkilərində qalib gələcəyi təqdirdə ölkəni “sülh ölkəsinə” çevirməyi vəd edib.

“Le Monde” qəzetinin məlumatına görə, Le Pen oktyabrın 25-də Orlean şəhərində keçirilən ilk genişmiqyaslı seçki çıxışında Fransanın “dirçəlişi” proqramını təqdim edib.

Siyasətçi bildirib ki, ölkənin yenilənməsi nə kəskin qırılma, nə də dağıdıcı inqilab yolu ilə həyata keçiriləcək. Onun sözlərinə görə, proqram Fransada radikal sarsıntılar yaratmadan ölkənin inkişafına və cəmiyyətin birliyinin gücləndirilməsinə yönəlib. Bununla yanaşı, Le Pen təhlükəsizlik və miqrasiya sahələrində sərt tədbirləri müdafiə etməyə davam edir.

O, ictimai rəy uğrunda mübarizənin artıq qazanıldığını iddia edərək, fransızların onun təkliflərini dəstəklədiyini bildirib. Le Pen nəzakəti də ölkənin yenidən qurulması planının əsas prinsiplərindən biri adlandırıb və bunu cəmiyyətdə zorakılığın azaldılması vasitəsi kimi təqdim edib.

Le Penin siyasi müttəfiqi Jordan Bardella isə hakimiyyətə gələcəkləri təqdirdə ictimai asayişin bərpası və qanuna əməl edən vətəndaşların müdafiəsi üçün bütün qanuni vasitələrdən istifadə edəcəklərini bildirib. Le Pen qalib gələcəyi halda Bardellanı baş nazir təyin etmək və “milli birlik” hökuməti formalaşdırmaq niyyətində olduğunu da təsdiqləyib.

Partiyanın qurultayı gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilib. Şəhərdə 3 min polis və jandarm əməkdaşı xidmətə cəlb olunub. Bu tədbirlərə baxmayaraq, aksiyalarda 13 mindən 26 minədək insanın iştirak etdiyi bildirilir. Bir neçə fəal tədbirin keçirildiyi zala daxil olaraq Bardellanı tənqid edən plakat açıb. Bu isə təhlükəsizlik əməkdaşları ilə qarşıdurmaya səbəb olub.