1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ABŞ Prezidenti Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı səsləndirdiyi fikirlər Qərb mediasında narahatlıq doğurub.
Britaniyanın “Daily Express” nəşrinin yazdığına görə, Medvedevin açıqlamaları Kreml tərəfindən Trampa Zelenskinin aradan götürülməsi barədə göstəriş vermək çağırışı kimi təqdim edilib.
Xatırladaq ki, Medvedev daha əvvəl Zelenskini Trampa qarşı çıxmaqda və ABŞ administrasiyasındakı nüfuzlu şəxsləri ona qarşı yönəltməkdə ittiham edib. O, Vaşinqtonun Ukrayna lideri ilə bağlı hansı addımı atmalı olduğu barədə sual qaldıraraq, ABŞ müdafiə nazirinin və Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun bu məsələyə cəlb olunmasını təklif edib.
Bununla belə, Medvedevin sözləri birbaşa olaraq konkret əməliyyatın həyata keçirilməsi barədə rəsmi qərar kimi qiymətləndirilə bilməz. Britaniya nəşrinin materialında açıqlama sərt və təhdidedici çağırış kimi şərh olunub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl Qərb ölkələrinin Rusiyadan gələn təhlükə barədə bəyanatlarını tənqid edib və bu ölkələrin müharibəyə hazırlaşdığını iddia edən fikirlərə münasibət bildirib.