Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar.
1xeber.media-nın məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq.
***
Binəqədi Rayon Məhkəməsi indi qərar elan edib.
Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla Emin və Elmara Cinayət Məcəlləsinin 120.2.1 (qabaqxadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Prokuror cinayətin ağırlığını və ictimai təhlükəliliyini nəzərə alaraq təqsirləndirilən şəxslərin həbs edilməsini tələb edib.
Hakim tərəfləri dinlədikdən sonra təqdimatı əsaslı hesab edib. Qərara əsasən Emin və Elmar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar ikisi də məhkəmədən istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, indi həbs edilən Emin və Elmar qətl törətdikdən sonra hadisə yerindən qaçmışdılar. Onlar qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıblar.
Bundan əlavə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin (DİN) istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də daxil olmaqla 11 nəfər tutulub.
11 nəfərin hamısına prokurorluq tərəfindən ittiham verilib.