Вернуться назад Распечатать

"WhatsApp" hesablarının ələ keçirilməsi ilə bağlı AGENTLİKDƏN XƏBƏRDARLIQ

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib.

1xeber.media  xəbər verir ki, agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.

İstifadəçilərə tətbiqin "Bağlı cihazlar" bölməsini yoxlamaq və tanımadıqları cihazlardan dərhal çıxış etmək tövsiyə olunub. Bildirilib ki, hesab telefonda normal işləsə belə, başqa cihaz vasitəsilə də istifadə oluna bilər.

Bundan əlavə, hesabın təhlükəsizliyini artırmaq üçün iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi və bərpa üçün etibarlı elektron poçt ünvanının əlavə edilməsi tövsiyə edilib.

Agentlik SMS təsdiq kodlarının, cihaz bağlantısı kodlarının və təhlükəsizlik PIN-kodunun heç kimlə paylaşılmamasının vacibliyini vurğulayıb. İstifadəçilərə özlərinin başlatmadığı giriş sorğularını təsdiqləməmək, saxta bildirişlərə və şübhəli QR-kodlara qarşı diqqətli olmaq barədə də xəbərdarlıq edilib.

Qeyd olunub ki, "Hesabınız bağlanacaq", "biznes hesabınızı təsdiqləyin" və ya "dəstək xidməti" adı ilə göndərilən saxta keçidlər vasitəsilə istifadəçilərin hesablarına giriş əldə edilə bilər.

MKA, həmçinin "WhatsApp" və "WhatsApp Business" tətbiqlərinin yalnız rəsmi mağazalardan yüklənməsini, telefon və tətbiqlərin mütəmadi yenilənməsini tövsiyə edib. Biznes hesablarında isə bağlı cihazlara çıxışın yalnız səlahiyyətli əməkdaşlarla məhdudlaşdırılması və işdən ayrılan şəxslərin giriş hüquqlarının dərhal ləğv edilməsi vacib hesab olunub.

Hesaba müdaxilə şübhəsi yarandıqda naməlum cihazlardan çıxış etmək, hesaba giriş itirildikdə isə nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirmək tövsiyə olunur. İstifadəçilərə, həmçinin əlaqələrini onların adından göndərilə biləcək saxta mesajlar və pul tələbləri barədə xəbərdar etmək məsləhət görülüb.

Agentlik xüsusi olaraq vurğulayıb ki, iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi mövcud icazəsiz girişləri avtomatik aradan qaldırmır. Buna görə də hesabla əlaqələndirilmiş cihazların ayrıca yoxlanılması mütləqdir.