1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın Lipetsk şəhərinə raket zərbəsi endirib. “Rus Baharı” hərbi müxbirlərinin Telegram kanalının məlumatına görə, hücum zamanı uzaqmənzilli “Flaminqo” qanadlı raketlərindən istifadə olunub.
Hücumdan sonra şəhərdə yanğınlar baş verib. Raketlərdən birinin qalıqlarının sənaye obyektinin ərazisinə düşməsi nəticəsində yanğın qeydə alınıb. Hadisə zamanı xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Məlumata görə, oktyabrın 27-də Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi üzərində 645 Ukrayna pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıblar. Həmin gün Ukrayna tərəfinin iki idarəolunan aviasiya bombası ilə də hücuma cəhd etdiyi bildirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenkonun sözlərinə görə, “Flaminqo” raketlərinin iri ölçüləri onların aşkarlanmasını asanlaşdırır. O, Rusiya hava hücumundan müdafiə sistemlərinin bu raketləri aşkar etmək və ələ keçirmək imkanlarını artırdığını iddia edib. Romanenko raketlərin ciddi modernləşdirmə aparılmadan istehsalının davam etdirilməsinin məqsədəuyğunluğunu da şübhə altına alıb.
“Fire Point” şirkətinin rəhbəri İrina Terexin sözlərinə görə isə “Flaminqo” raketləri hərbi üstünlük təmin edən mütləq silah kimi deyil, Rusiyaya Ukraynanın imkanlarını nümayiş etdirmək məqsədilə hazırlanıb. O bildirib ki, layihənin əsas məqsədlərindən biri Rusiyaya Ukraynanın belə silahlar istehsal edə bildiyini göstərmək olub.
Qeyd edək ki, Lipetskə hücum, raketlərin effektivliyi və onların ələ keçirilməsi ilə bağlı məlumatlar mənbələr tərəfindən yayılan iddialara əsaslanır.