Вернуться назад Распечатать

Hakim qardaşının cinayətinə görə işdən uzaqlaşdırıla bilər? - Keçmiş hakimdən açıqlama

Son günlər Xətaidə ölümlə nəticələnən kütləvi dava ilə bağlı hakim Orxan Əlizadənin qardaşı Əhməd Əlizadə ilə bağlı yayılan məlumatlar ictimai müzakirələrə səbəb olub.

1xeber.media unikal-a istinadən xəbər verir ki, bu müzakirələr məsuliyyətin fərdiliyi və ictimai tənqidin sərhədləri məsələsini də gündəmə gətirib.

Keçmiş hakim, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Anar Sadıqov bildirib ki, hadisədə iştirak etməkdə şübhəli bilinən şəxsin hakimin qardaşı olması barədə məlumatların yayılması fonunda yalnız qohumluq əlaqəsinə əsaslanan ittihamlar da səslənir.

"İctimaiyyətin hadisə ilə bağlı narahatlığına həssas yanaşmaq və əsaslı sualları cavablandırmaq ədalətə inam baxımından əhəmiyyətlidir. Bununla yanaşı, hər bir şəxsə onun öz davranışı və konkret faktlar əsasında qiymət verilməlidir. Lakin burada iki məsələni bir-birindən ayırmaq lazımdır: insanın öz davranışına görə tənqid edilməsi və yalnız qohumluq əlaqəsinə görə qınanması. Təkcə qohumluq faktı insanı ictimai qınağın hədəfinə çevirmək üçün ədalətli əsas deyil.

Anar Sadıqov onu da bildirib ki, yetkin bir şəxsin törətdiyi əmələ görə onun qardaşının mənəvi məsuliyyət daşıdığını qəbul etmək yolverilməzdir.

"Hüquqi məsuliyyətlə ictimai tənqid isə eyni anlayışlar deyil. İctimai tənqid insanın davranışının etik tərəflərinə, tutduğu vəzifədən irəli gələn gözləntilərə və ictimai etimada aid ola bilər. Bununla belə, belə tənqidin konkret faktlara və həmin şəxsin öz hərəkətlərinə söykənməsi vacibdir.

Deməli, əsas sual “O, kimin qardaşıdır?” yox, “Onun özünün bu hadisə ilə bağlı hansı hərəkəti və ya müdaxiləsi olub?” olmalıdır. Şəxsin öz davranışına dair konkret fakt göstərilmədən yalnız soyadına və ailə bağlarına əsaslanan ittihamlar ədalətli qiymətləndirməyə xidmət etmir.

Ədalət axtarışında həm mərhumun yaxınlarının ağrısını duymalı, həm də hər kəsə öz davranışına uyğun qiymət verməliyik.  Unutmayaq ki, bu gün hakim Orxan Əlizadənin yerində hər birimiz ola bilərdik".