“Maraqlar toqquşması haqqında” qanun layihəsində dövlət və bələdiyyə əmlakından istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilir.
1xeber.media xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihəsinə əsasən, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməzlər.
Müddəa dövlət resurslarından istifadə zamanı şəxsi maraqların xidməti fəaliyyətə təsir göstərməsinin qarşısını almağa yönəlib.
Layihənin 4-cü maddəsində də vəzifəli şəxsin xidməti vəzifələrindən şəxsi maraqları üçün istifadə etməməsi əsas tələblərdən biri kimi müəyyənləşdirilir.
Sənəddə maraqlar toqquşmasının idarə edilməsi zamanı şəffaflıq, hesabatlılıq, dürüstlük və dövlət və ictimai maraqların üstünlüyü prinsiplərinə əməl olunması nəzərdə tutulur.
Qanun layihəsi qəbul edilərsə, bu müddəaların tətbiqi müvafiq qurumlarda dövlət və bələdiyyə resurslarından istifadəyə nəzarətin həyata keçirilməsi ilə əlaqəli olacaq.