1xeber.media xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ölkə ordusunun bölmələrinin müharibəyə tam hazır vəziyyətə gətirilməsini tələb edib. O, bunun üçün fasiləsiz və intensiv hərbi təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In bölük komandirləri ilə görüşdə bildirib ki, onların əsas vəzifəsi tabeliklərindəki bölmələrin döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaqdır. Onun sözlərinə görə, komandirlər hərbi qulluqçular arasında döyüş qabiliyyətini, vətənpərvərlik ruhunu və ideoloji hazırlığı gücləndirməlidirlər.
Şimali Koreya lideri ordunun gücünün yalnız müasir silahlarla ölçülmədiyini də qeyd edib. O bildirib ki, hərbçilərin mənəvi-ideoloji dayanıqlığı və ayrı-ayrı bölmələrin döyüş qabiliyyəti də mühüm əhəmiyyət daşıyır.
Oktyabrın 27-də keçirilən görüşdə Kim Çen Ini Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komissiyasının sədr müavini Pak Çon Çxon müşayiət edib. Tədbirdə müdafiə naziri Kim Son Gi və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yon Gil də iştirak ediblər.
Qeyd edək ki, Kim Çen In son günlərdə Çinin Dandun şəhərində də səfərdə olub. O, burada avtomobil zavodunun istehsal sahələri ilə tanış olub, həmçinin Koreya müharibəsi dövründə həlak olmuş Çin könüllülərinin xatirəsini yad edib.