Oktyabrın 27-də Bakıda Prezident İlham Əliyevin iştirakı ilə “Ortaq gələcək naminə
dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi
keçirilib. Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar
Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda
dünyanın 100-dən artıq ölkəsindən gəlmiş 500-dən çox qonaq, ümumilikdə isə 2000 nəfərdən
artıq nümayəndə iştirak edib. Bu mötəbər tədbirdə yüksək səviyyəli dövlət xadimləri,
parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil
olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru
irəliləyişə nail olmaq üçün bir araya gəliblər. İştirakçıların sayı ötən 15 il ərzində keçirilən
forumun mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün
olduqca səmərəli və əhatəli platformalardan birinə çevrildiyinin göstəricisidir.
“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun açılış mərasimində Prezident İlham Əliyev geniş məzmunlu çıxış edib. Cənab
Prezident qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində,
sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası
münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Cənab Prezident
qeyd edib ki, bu foruma gəldikdə, biz burada qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər
haqqında danışırıq.
Bildirilib ki, mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər
gündəliyimizin əsas hissəsini tutur. “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə
olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa
arasında mədəniyyət körpüsü olub”, – deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev multikulturalizm, dini və etnik tolerantlıq ənənələrinin bizim
xalqlarımızın əsrlər boyu daşıdığı bir irs olduğunu və bizim bunu yüksək dəyərləndirdiyimizi
bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas
səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır. Çünki bütün etnik qrupların, dinlərin
nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir
ailədəki kimi yaşayır.
Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük.
Biz hamımız özümüzün milli ideyaları – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın
bütün xalqlarını bir araya gətirir. Bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində
büruzə verdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik
qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi birləşdilər. Bu da bizim
qələbəmizin rəmzidir.
Forumda vurğulanıb ki, bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik
nümayiş etdirir. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini
xatırladan dövlətimizin başçısı bildirib: “Bütün potensial risklər bizim hüdudlarımızdan
kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-
sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin
müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”.
Prezident İlham Əliyev Forumda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan
azad etməsindən danışıb. Dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə
hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdiyimizi bildirərək
deyib: “Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin
Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik”.
Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə toxunan dövlətimizin başçısı
bildirib: “Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya
etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”. Bu təcrübəyə
nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən
Prezident vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan
qaldırılmasına da xidmət edə bilər”.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərdə ikili standartlara qarşı
mübarizənin davam etdiriləcəyinə diqqəti çəkib. Dövlət başçımız hesab edir ki, bu cür
yanaşmalar beynəlxalq münasibətlər sistemindən tamamilə çıxarılmalıdır. Çünki beynəlxalq
hüququn prinsipləri ayrı-ayrı dövlətlərin siyasi maraqlarından asılı olaraq fərqli şəkildə tətbiq
edildikdə ədalət anlayışı zərər görür, beynəlxalq institutlara etimad zəifləyir və münaqişələrin
həlli daha da çətinləşir. Azərbaycanın müasir tarixində yaşanan hadisələr bu məsələnin nə
qədər əhəmiyyətli olduğunu göstərir. Torpaqlarımızın uzun müddət işğal altında qalması,
münaqişənin həlli istiqamətində beynəlxalq səylərin nəticəsiz qalması və beynəlxalq hüququn
norma və prinsiplərinin ardıcıl tətbiq edilməməsi ölkəmizin üzləşdiyi əsas problemlərdən olub.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli iradəsini ortaya qoydu,
beynəlxalq hüquqa əsaslanan mövqeyinin həyata keçirilməsinə nail oldu. Bu gün ikili
standartlara qarşı prinsipial mövqenin müdafiəsi Azərbaycanın xarici siyasətinin mühüm
istiqamətlərindən biridir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq
hüququn norma və prinsiplərinə riayət olunması, bütün ölkələrə münasibətdə eyni meyarların
tətbiqi beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Bu yanaşma yalnız
Azərbaycanın milli maraqlarına deyil, beynəlxalq münasibətlər sistemində ədalətin və
bərabərliyin möhkəmləndirilməsi məqsədinə də xidmət edir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müstəqillik dövründə öz həyat tərzini
qoruyub saxlaması və daha da gücləndirməsi barədə fikirləri də ölkəmizin keçdiyi inkişaf
yolunun mühüm xüsusiyyətlərini əks etdirir. Müstəqilliyin bərpasından ötən 35 il ərzində
Azərbaycan müxtəlif mərhələlərdən keçib, mürəkkəb siyasi və iqtisadi sınaqlarla üzləşib. Bu
dövrün böyük hissəsində əsas məqsəd ərazi bütövlüyümüzün bərpası, Ermənistanın işğalı
altında olan torpaqlarımızın azad edilməsi olub. Həmin strateji məqsədin həyata keçirilməsi
Azərbaycanın qarşısında yeni imkanlar açıb. Bu gün ölkəmiz suverenliyini tam təmin etmiş
dövlət kimi öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən bərpa və quruculuq işləri, infrastrukturun yenidən qurulması, keçmiş məcburi
köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi bu mərhələnin əsas
istiqamətlərindəndir. Bütün bunlar müstəqilliyin yalnız siyasi-hüquqi status deyil, həm də xalqın
öz gələcəyini sərbəst müəyyənləşdirmək imkanı olduğunu göstərir.
Cənab Prezident bildirib ki, bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə,
roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə baxsanız görə bilərsiniz ki,
Azərbaycanın rolu çox böyük dərəcədə artıb. Dövlətimizin başçısı qeyd edib ki, bu gün
Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür.
Vuğulanıb ki, ölkəmizin müstəqil siyasəti bizə çox böyük hörmət qazandırıb.
“Beynəlxalq təmaslarımız göstərir ki, biz özümüzü beynəlxalq icmanın etibar, inam, hörmət
qazanan bir tərəfi kimi göstəririk”, – deyə dövlətimizin başçısı əlavə edib.
Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın dialoq modelinin beynəlxalq
əməkdaşlığın inkişafına verdiyi töhfəni bir daha önə çıxarır. Qlobal qütbləşmənin dərinləşdiyi
və beynəlxalq təsisatların effektivliyinin müzakirə olunduğu bir dövrdə Bakı platforması
qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Bununla belə,
dialoq milli maraqların və dövlət suverenliyinin güzəştə gedilməsi demək deyil. Azərbaycan
əməkdaşlığa açıq olsa da, daxili işlərinə müdaxiləni və milli seçimlərinə kənardan təsir
göstərilməsi cəhdlərini qəbul etmir.
Əlioğlan Əşrəfli,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru