Вернуться назад Распечатать

Milli birlik və müstəqil siyasət Azərbaycanın beynəlxalq nüfuzunun əsasını təşkil edir

 

Prezident cənab İlham Əliyevin 27 oktyabr 2026-cı il tarixində Bakıda keçirilən VII
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın müasir dünyada
siyasi mövqeyini, dövlətçilik fəlsəfəsini, milli ideoloji əsaslarını və beynəlxalq münasibətlər
sisteminə baxışını əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. “Ortaq gələcək naminə
dialoq” mövzusuna həsr olunan Forumda dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki,
Azərbaycan üçün mədəniyyətlərarası dialoq yalnız humanitar əməkdaşlıq istiqaməti deyil, eyni
zamanda, beynəlxalq təhlükəsizliyin, qarşılıqlı etimadın, dayanıqlı inkişafın və dövlətlərarası
münasibətlərin sağlam əsaslar üzərində qurulmasının mühüm vasitəsidir.
Bu baxımdan Bakı Forumunun əhəmiyyəti onun iştirakçılarının coğrafiyası və say
göstəriciləri ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2000-dən artıq
qeydiyyatdan keçmiş iştirakçının və 100-dən çox ölkədən 500-dən artıq qonağın bir araya
gəlməsi son 15 il ərzində formalaşmış beynəlxalq platformanın nüfuzunun göstəricisidir.
Azərbaycanın təşəbbüsü ilə 2011-ci ildə əsası qoyulan bu Forum artıq müxtəlif
sivilizasiyaların, dinlərin və mədəniyyətlərin nümayəndələrini birləşdirən, qlobal gündəlikdəki
aktual məsələlərin müzakirəsinə şərait yaradan mühüm dialoq məkanına çevrilib. BMT-nin
Sivilizasiyalar Alyansı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inkişaf edən
bu platforma Azərbaycanın qlobal proseslərdə fəal iştirakının və beynəlxalq təşəbbüslərə
verdiyi töhfənin təzahürüdür. Müasir dünyada geosiyasi qarşıdurmaların, müharibələrin, dini
və etnik zəmində ayrı-seçkiliyin, ideoloji qütbləşmənin gücləndiyi bir şəraitdə
mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Təcrübə göstərir ki, qarşılıqlı
anlaşmanın zəiflədiyi, fərqli kimliklərin qarşıdurma vasitəsinə çevrildiyi cəmiyyətlərdə sabitliyi
qorumaq çətinləşir. Buna görə də dialoq yalnız fikir mübadiləsi deyil, həm də münaqişələrin
qarşısının alınmasına, etimad mühitinin formalaşmasına və ortaq maraqların
müəyyənləşdirilməsinə xidmət edən siyasi və mənəvi mexanizmdir. Azərbaycanın bu
istiqamətdə ardıcıl təşəbbüsləri ölkəmizin beynəlxalq münasibətlərdə körpülərin qurulmasına,
qarşılıqlı hörmətin möhkəmləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə əsaslanan
yanaşmasını nümayiş etdirir. Cənab Prezidentin çıxışında Azərbaycanın tarixən
mədəniyyətlərin qovuşduğu coğrafiyada yerləşməsi və bu mövqeyin ölkənin ictimai-siyasi
həyatında yaratdığı xüsusiyyətlər xüsusi vurğulanıb. Avropa ilə Asiya arasında yerləşən
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qarşılıqlı təsir göstərdiyi, dini və etnik
müxtəlifliyin birgəyaşayış ənənələri ilə müşayiət olunduğu məkan olub. Bu tarixi təcrübə
müasir Azərbaycan dövlətinin multikulturalizm siyasətinin formalaşmasında mühüm rol
oynayır. Bununla belə, ölkəmizin üstünlüyü yalnız coğrafi mövqeyi və tarixi irsi ilə
müəyyənləşmir. Əsas məsələ həmin irsin müasir dövlətçilik prinsipləri, hüquqi təminatlar və
cəmiyyətin birliyini möhkəmləndirən siyasi iradə ilə uzlaşdırılmasıdır. Azərbaycanın
multikulturalizm modeli etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların
bərabər hüquqlarının tanınmasına, milli-mənəvi dəyərlərə hörmətə və ictimai həmrəyliyin
qorunmasına əsaslanır. Cənab Prezidentin çıxışında cəmiyyətdəki ahəngdarlığın ölkənin sabit
və uğurlu inkişafının əsas amillərindən biri kimi təqdim edilməsi təsadüfi deyil. Çünki davamlı
inkişaf yalnız iqtisadi göstəricilərlə ölçülmür. Dövlətin uzunmüddətli uğuru, eyni zamanda,
onun daxilində ictimai etimadın, sosial həmrəyliyin və ümumi gələcək naminə birgə fəaliyyət
iradəsinin nə dərəcədə möhkəm olmasından asılıdır. Bu kontekstdə azərbaycançılıq
ideologiyası xüsusi əhəmiyyət daşıyır. Azərbaycançılıq milli kimliyi, dövlətə bağlılığı və ümumi
vətəndaşlıq məsuliyyətini vahid ideya ətrafında birləşdirən mühüm mənəvi-siyasi platformadır.
Prezident cənab İlham Əliyevin çıxışında bu ideyanın ölkədə yaşayan bütün xalqları bir araya
gətirən amil kimi səciyyələndirilməsi onun dövlətçilik sistemindəki yerini aydın şəkildə ortaya
qoyur. Azərbaycançılıq etnik və dini fərqləri aradan qaldırmağı deyil, həmin fərqlərin ümumi
milli maraqlar və vahid dövlətçilik məkanı daxilində qarşılıqlı hörmət şəraitində yaşamasını
nəzərdə tutur. Bu yanaşma milli birliyi cəmiyyətin müxtəlifliyinə qarşı qoymur, əksinə,
müxtəlifliyi ümumi dövlətçilik dəyərləri ilə uzlaşdırır. Azərbaycan xalqının tarixi təcrübəsi
göstərir ki, dövlətçilik ənənələrinin, dilin, milli-mənəvi dəyərlərin və həyat tərzinin qorunması
müxtəlif siyasi sistemlər və mürəkkəb tarixi şəraitlərdə belə milli özünüdərkin davamlılığını
təmin edib. Prezident cənab İlham Əliyevin müstəqilliyin bərpasının 35-ci ildönümü
kontekstində səsləndirdiyi fikirlər də bu tarixi davamlılığa diqqət çəkir. Müstəqillik Azərbaycan

xalqına öz taleyini müstəqil müəyyənləşdirmək, milli maraqlarına uyğun siyasət həyata
keçirmək və dövlətin gələcəyini öz iradəsi əsasında qurmaq imkanı verib. Bu gün ölkənin
müxtəlif sahələrdə əldə etdiyi nəticələr həmin müstəqilliyin siyasi, iqtisadi və mənəvi
əsaslarının möhkəmləndirilməsinin nəticəsi kimi qiymətləndirilə bilər. Çıxışın mühüm
istiqamətlərindən biri milli birliyin yalnız dinc dövrdə deyil, tarixi sınaqlar zamanı da özünü
təsdiqləməsi ilə bağlı idi. Ermənistanın hərbi təcavüzü və işğalı, İkinci Qarabağ müharibəsi,
eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan cəmiyyətinin
nümayiş etdirdiyi həmrəylik dövlətçilik tariximizin mühüm səhifələrindəndir. Prezidentin “Dəmir
yumruq” ifadəsi ilə simvolizə etdiyi birlik yalnız hərbi Qələbənin deyil, milli iradənin, ərazi
bütövlüyü uğrunda mübarizənin və ümumi məqsəd ətrafında səfərbərliyin ifadəsidir. Müxtəlif
etnik və dini mənsubiyyətlərə malik Azərbaycan vətəndaşlarının ölkənin suverenliyi və ərazi
bütövlüyü uğrunda bir araya gəlməsi azərbaycançılıq ideologiyasının real ictimai dayaqlara
malik olduğunu göstərir.
Bu məqam Azərbaycanın multikulturalizm təcrübəsinin mahiyyətini anlamaq
baxımından da vacibdir. İctimai həmrəylik yalnız müxtəlifliyin mövcudluğu ilə deyil, fərqli
qrupların özlərini vahid dövlətin bərabərhüquqlu vətəndaşları kimi hiss etmələri ilə
möhkəmlənir. Milli maraqların ümumi qəbul edildiyi, dövlətə bağlılığın və qarşılıqlı etimadın
güclü olduğu cəmiyyətlər xarici təsirlərə və ideoloji təhdidlərə qarşı daha dayanıqlı olur. Cənab
Prezidentin ideoloji risklərə diqqət çəkməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətin
özünəməxsusluğunun, müstəqilliyinin və milli dəyərlərinin qorunması yalnız təhlükəsizlik
strukturlarının vəzifəsi deyil, eyni zamanda, cəmiyyətin bütövlükdə məsuliyyət daşıdığı strateji
məsələdir. Dövlət başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin
bərpası, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi məsələləri də geniş yer tutub. Bu
fikirlər Azərbaycanın son onilliklər ərzində keçdiyi mürəkkəb siyasi yolun mahiyyətini açmaqla
yanaşı, beynəlxalq münasibətlər sistemindəki mövcud problemlərə dair prinsipial mövqeyini
ifadə edir. Uzun illər ərzində münaqişənin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların
nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan
qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin icra
olunmaması beynəlxalq hüququn tətbiqində ciddi problemlərin mövcudluğunu üzə çıxarmışdı.
Azərbaycanın özünümüdafiə hüququna əsaslanaraq ərazi bütövlüyünü bərpa etməsi dövlət
başçısının çıxışında beynəlxalq hüququn norma və prinsipləri ilə əlaqələndirilir. 2020-ci ildə
İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda yeni geosiyasi reallıq
yaradıb. Bu prosesin əsas siyasi nəticələrindən biri ondan ibarətdir ki, Cənubi Qafqazda
münasibətlərin gələcək inkişafı artıq suveren dövlətlərin ərazi bütövlüyü, qarşılıqlı tanınma və
sülh prinsipləri əsasında müəyyənləşdirilməlidir. Prezident cənab İlham Əliyevin beynəlxalq
təşkilatların qəbul etdiyi qərarların icra mexanizmləri ilə bağlı fikirləri də qlobal idarəçilik
sisteminin səmərəliliyi məsələsini gündəmə gətirir. Beynəlxalq hüququn etibarlılığı yalnız
hüquqi sənədlərin qəbul edilməsi ilə deyil, onların bütün dövlətlərə münasibətdə ardıcıl və
ədalətli şəkildə tətbiqi ilə təmin olunur. Əgər beynəlxalq təşkilatların qərarları uzun müddət
icrasız qalırsa, bu, həmin institutlara olan inamı zəiflədir və hüququn aliliyinə dair suallar
yaradır. Azərbaycan təcrübəsi göstərir ki, beynəlxalq münasibətlərdə hüquqi öhdəliklərin icrası
üçün təsirli mexanizmlərin mövcudluğu sülhün və təhlükəsizliyin qorunmasının əsas
şərtlərindən biridir. Bu müstəvidə ikili standartlara qarşı mübarizə Azərbaycanın xarici
siyasətinin prinsipial istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlətlərə münasibətdə fərqli
meyarların tətbiqi, beynəlxalq hüququn siyasi maraqlardan asılı olaraq müxtəlif cür şərh
edilməsi qlobal sistemdə ədalət və bərabərlik prinsiplərinə xələl gətirir. Prezidentin vurğuladığı
kimi, heç bir dövlət başqa bir dövlətin suveren hüquqlarına hörmətsizlik etməməli, ona öz
inkişaf modelini və siyasi seçimlərini diktə etməyə çalışmamalıdır. Beynəlxalq münasibətlərin
sağlam əsaslar üzərində qurulması qarşılıqlı hörmət, suveren bərabərlik, daxili işlərə
qarışmamaq və dövlətlərin qanuni maraqlarını nəzərə almaq prinsiplərinin qorunmasını tələb
edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn prinsipləri universal
xarakter daşımalı və siyasi konyunkturadan asılı olmamalıdır. Eyni zamanda, dövlətlərin
suverenliyinə hörmət yalnız siyasi bəyanatlarda deyil, praktik münasibətlərdə də öz əksini
tapmalıdır. Bu yanaşma xüsusilə mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət yürüdən
ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın öz milli maraqlarına əsaslanan

siyasəti, müxtəlif güc mərkəzləri ilə münasibətlərdə balanslı və praqmatik yanaşması ölkənin
beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. Çıxışda sülhün əldə olunması və
qorunması məsələsinə ayrılan diqqət Azərbaycanın müharibədən sonrakı siyasi strategiyasını
anlamaq baxımından da əhəmiyyətlidir. Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi
bütövlüyünü bərpa etdikdən sonra Ermənistana sülh təklif etməsini xüsusi vurğulayaraq
müharibənin sonsuz qarşıdurmaya çevrilməməsinin vacibliyini diqqətə çatdırıb. Bu mövqe
hərbi Qələbənin siyasi nəticələrinin möhkəmləndirilməsi, regionda davamlı sülhün təmin
olunması və gələcək nəsillərin münaqişə təhlükəsindən qorunması məqsədinə xidmət edir.
Müharibənin başa çatdırılması, onun nəticələrinin qəbul edilməsi və sülh münasibətlərinin
qurulması hərbi əməliyyatların özündən fərqli, lakin az əhəmiyyət daşımayan siyasi prosesdir.
Bu baxımdan Azərbaycanın təcrübəsi münaqişələrin həllində güc amilinin deyil, beynəlxalq
hüquqa əsaslanan siyasi nəticələrin və qarşılıqlı öhdəliklərin əhəmiyyətini nümayiş etdirir.
Dövlət başçısının müharibələrin başlanmasının asan, başa çatdırılmasının isə çətin olması
barədə fikri müasir beynəlxalq münasibətlərin reallıqlarını ifadə edir. Münaqişənin
dayandırılması üçün yalnız hərbi vəziyyətin dəyişməsi kifayət etmir; davamlı sülh üçün siyasi
iradə, məsuliyyətli yanaşma və gələcək münasibətlərin hüquqi əsaslarının formalaşdırılması
tələb olunur. 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan
arasında sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması bu
prosesin mühüm mərhələsi kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə
baş tutan həmin hadisə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən
sonra regionda yeni siyasi reallığın beynəlxalq səviyyədə təsdiqlənməsi baxımından rəmzi
əhəmiyyət daşıyır. Bununla yanaşı, paraflanmış sənədlərlə qüvvəyə minmiş sülh sazişi
arasında hüquqi fərq qorunmalı, davamlı sülhün təmin olunması üçün tərəflərin öhdəliklərinin
icrası əsas götürülməlidir. Azərbaycanın yanaşması regionun gələcəyinin qarşıdurma deyil,
suverenlik, qarşılıqlı tanınma və əməkdaşlıq prinsipləri əsasında qurulmasına yönəlib. Cənab
Prezidentin çıxışında Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı səsləndirilən
fikirlər də ölkənin son illərdə həyata keçirdiyi xarici siyasətin nəticələrini əks etdirir.
Azərbaycan bu gün yalnız regional məsələlərdə deyil, enerji təhlükəsizliyi, nəqliyyat
bağlantıları, beynəlxalq dialoq və çoxtərəfli əməkdaşlıq sahələrində də mühüm tərəfdaş kimi
çıxış edir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsinin və ABŞ ilə Strateji Xartiyanın
imzalanması, Avropa İttifaqının üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı
Azərbaycanın müxtəlif beynəlxalq güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələr
qurmaq imkanlarını nümayiş etdirir.
Bu münasibətlərin əhəmiyyəti onların yalnız siyasi sənədlərlə məhdudlaşmamasındadır.
Enerji resurslarının etibarlı təchizatı, nəqliyyat dəhlizlərinin inkişafı, regional bağlantıların
genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın beynəlxalq
sistemdəki rolunu artıran əsas amillər sırasındadır. Coğrafi mövqeyin müasir infrastruktur,
investisiyalar və siyasi əməkdaşlıqla tamamlanması ölkəmizi Şərq-Qərb və digər transregional
əlaqələr baxımından əhəmiyyətli mərkəzə çevirir. Bununla belə, Azərbaycanın beynəlxalq
çəkisinin davamlılığı yalnız coğrafi üstünlüklərlə deyil, sabitliyin qorunması, qonşularla
münasibətlərin inkişafı və uzunmüddətli iqtisadi potensialın reallaşdırılması ilə də bağlıdır.
Ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu siyasətin mühüm istiqamətlərindəndir.
Cənab Prezidentin çıxışında 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün
Azərbaycanda keçirilməsi, eləcə də 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə
Bakının ev sahibliyi etməsi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın müxtəlif siyasi və
mədəni platformalarda artan roluna diqqət çəkir. Bundan əlavə, Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin uzadılması və Azərbaycanın Mərkəzi Asiya
ölkələrinin Məşvərət Formatında iştirakı ölkəmizin regional əməkdaşlıq coğrafiyasının
genişləndiyini göstərir. Bu faktlar Azərbaycanın müxtəlif regionlar və siyasi platformalar
arasında əlaqələndirici rolunu gücləndirmək imkanlarına malik olduğunu təsdiqləyir. İslam
dünyası ilə əlaqələrin inkişafı, Avropa institutları ilə dialoqun davam etdirilməsi, Asiya dövlətləri
ilə strateji əməkdaşlığın dərinləşdirilməsi ölkənin xarici siyasətində çoxşaxəliliyin qorunmasına
imkan yaradır. Burada əsas məqsəd fərqli siyasi və mədəni məkanları bir-birinə qarşı qoymaq
deyil, ortaq maraqların müəyyənləşdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Məhz bu yanaşma Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət
prioritetləri arasında məntiqi əlaqə yaradır. Azərbaycanın iqtisadi göstəriciləri, nisbətən aşağı

dövlət borcu, enerji bazarındakı mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı ölkənin
müstəqil siyasət yürütmək imkanlarını gücləndirən amillərdir. Cənab Prezidentin çıxışında
xarici borcun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olması barədə səsləndirdiyi
fikir iqtisadi dayanıqlılığın siyasi müstəqilliklə əlaqəsini ön plana çıxarır. İqtisadi sabitlik dövlətə
beynəlxalq proseslərdə öz milli maraqlarına uyğun qərarlar qəbul etmək, uzunmüddətli
layihələri həyata keçirmək və mümkün xarici təzyiqlərə qarşı daha dayanıqlı olmaq imkanı
verir. Bununla yanaşı, iqtisadi və geosiyasi potensialın davamlı üstünlüyə çevrilməsi üçün yeni
texnologiyaların tətbiqi, insan kapitalının inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və regional
əməkdaşlıq imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın
qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş siyasi sabitliyi və iqtisadi imkanları
cəmiyyətin rifahının yüksəldilməsinə, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına və
beynəlxalq əməkdaşlıqda daha geniş iştirakın təmin olunmasına yönəltməkdir. VII
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən mesajların ümumi məzmunu
göstərir ki, Azərbaycan özünü yalnız regional təhlükəsizlik və enerji məsələləri ilə
məhdudlaşan dövlət kimi deyil, eyni zamanda, qlobal dialoqa, mədəniyyətlərarası anlaşmaya
və beynəlxalq əməkdaşlığa töhfə verən ölkə kimi təqdim edir. Bu siyasətin əsasını milli kimliyin
qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və müxtəliflik
şəraitində birgəyaşayışın təşviqi təşkil edir. Prezident cənab İlham Əliyevin çıxışı bir daha
göstərdi ki, mədəniyyətlərarası dialoq Azərbaycanın siyasi fəlsəfəsində dövlətçilik, milli
həmrəylik və beynəlxalq münasibətlər məsələləri ilə sıx bağlıdır. Ölkəmizin tarixi təcrübəsi,
azərbaycançılıq ideologiyası, multikulturalizm ənənələri və müstəqil xarici siyasəti vahid
strateji yanaşmanın bir-birini tamamlayan istiqamətləridir. Bu yanaşmanın mahiyyəti milli
maraqları qətiyyətlə qorumaqla yanaşı, digər dövlətlərin suverenliyinə hörmət etmək, fərqli
mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək və münaqişələrin həlli üçün dialoq
imkanlarından istifadə etməkdən ibarətdir. Qlobal siyasi sistemdə qeyri-müəyyənliyin artdığı,
beynəlxalq institutların səmərəliliyinin müzakirə olunduğu və münaqişələrin yeni təhlükəsizlik
çağırışları yaratdığı bir dövrdə Bakı Forumunun əhəmiyyəti daha da artır. Azərbaycan bu
platforma vasitəsilə dialoqun alternativsizliyini, qarşılıqlı hörmətin vacibliyini və ortaq gələcəyin
yalnız əməkdaşlıq əsasında qurula biləcəyini önə çəkir. Bu baxımdan Forumun əsas siyasi
mesajı aydındır: davamlı sülh və təhlükəsizlik üçün dövlətlərin suveren hüquqlarına hörmət
edilməli, beynəlxalq hüquq selektiv deyil, universal şəkildə tətbiq olunmalı, mədəni və dini
müxtəliflik qarşıdurma mənbəyinə deyil, qarşılıqlı zənginləşmə və əməkdaşlıq imkanına
çevrilməlidir.
Hafiz Məmmədov,
MMRT-nın Sabirabad rayon təhsil sektoru üzrə aparıcı məsləhətçi