Azərbaycan Prezidenti İlham Əliyevin “Ortaq gələcək naminə dialoq” mövzusunda
keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual
fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya
qoydu. Dövlət başçısının ideoloji risklərin fiziki təhdidlər qədər təhlükəli olduğunu vurğulaması
müasir hibrid müharibələr şəraitində milli təhlükəsizlik anlayışının daha geniş müstəvidə
nəzərdən keçirilməsinin vacibliyini göstərdi. Beynəlxalq münasibətlər sistemində ikili
standartların tənqid edilməsi, eləcə də kənar güclərin digər dövlətlərə öz həyat tərzini diktə
etmək cəhdlərinin qətiyyətlə rədd olunması Azərbaycanın müstəqil xarici siyasət kursunun
əsas prinsiplərini bir daha nümayiş etdirdi.
Azərbaycanın daxili sabitliyi, milli həmrəyliyi və xalq-iqtidar birliyi dövlətin
təhlükəsizliyinin dayaqlarını təşkil edir. Etnik, dini və sosial zəmində qarşıdurmaların qarşısının
alınması istiqamətində formalaşmış ictimai həmrəylik ölkənin dayanıqlılığını gücləndirir. Belə
bir şəraitdə xarici dairələrin daxili proseslərə təsir göstərmək cəhdləri ideoloji təzyiqlər,
informasiya hücumları və milli dəyərlərə müdaxilə kimi vasitələrlə özünü göstərə bilər.
Prezident İlham Əliyevin daim ayıq-sayıq olmağın vacibliyini vurğulaması məhz bu cür
asimmetrik təhdidlərin vaxtında müəyyənləşdirilməsinin və qarşısının alınmasının
əhəmiyyətindən irəli gəlir. Milli kimliyin, dövlətçilik ənənələrinin və tarixi-mədəni dəyərlərin
qorunması fiziki sərhədlərin mühafizəsi qədər mühüm strateji vəzifədir.
Qlobal siyasətdə başqa xalqlara həyat tərzi diktə etmək cəhdləri neokolonial təfəkkürün
müasir təzahürlərindən biridir. Prezident İlham Əliyevin başqalarına əxlaq dərsi verməyə
çalışan dairələri əvvəlcə özlərinə nəzər salmağa çağırması Qərb mərkəzli siyasi riyakarlığa
tutarlı cavabdır. Tarixən müstəmləkəçilik siyasəti yürüdən və bu gün də başqa dövlətlərin
daxili işlərinə müdaxilə etməyə çalışan dairələrin mənəvi üstünlük iddiası ciddi suallar doğurur.
İnsan hüquqları və həyat tərzi bəhanəsi ilə müstəqil dövlətlərə təzyiq göstərilməsi beynəlxalq
etimadı zəiflədir.
İkili standartların aradan qaldırılması ədalətli dünya nizamının qurulmasının əsas
şərtlərindəndir. Beynəlxalq hüququn selektiv tətbiqi və təcavüzkarla təcavüzə məruz qalan
tərəf arasında fərqin nəzərə alınmaması qlobal institutların nüfuzuna xələl gətirir. Ölkəmiz öz
gücü hesabına ərazi bütövlüyünü bərpa etdikdən sonra da üzləşdiyi siyasi təzyiqlər ikili
standartların beynəlxalq münasibətlərdəki təsirini bir daha göstərdi. Beynəlxalq hüququn siyasi
maraqlara uyğun manipulyasiyası isə qlobal təhlükəsizliyə və ədalətə ciddi zərbə vurur.
Milli kimliyin və mədəni suverenliyin qorunması hibrid təhdidlər şəraitində dövlət
müstəqilliyinin əsas təminatlarından biridir. Qloballaşma adı altında milli dəyərlərin aşınması
və xalqların tarixi köklərindən uzaqlaşdırılması təhlükəsi artır. Azərbaycanın əsrlər boyu
formalaşmış tolerantlıq ənənələri, birgəyaşayış mədəniyyəti və milli dəyərləri yad ideoloji
təsirlərə qarşı mühüm sipərdir. Dövlət başçısının vurğuladığı kimi, xalqın öz milli kimliyinə və
həyat tərzinə bağlılığı dövlət müstəqilliyinin möhkəm təməlidir. Milli-mənəvi dayaqlarını itirən
cəmiyyətin müstəqilliyini qoruması isə ciddi çətinliklərlə üzləşir.
Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəni təmaslarla
yanaşı, qlobal ideoloji hegemonluğa qarşı dialoq və bərabərhüquqlu əməkdaşlıq platforması
kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi müxtəlif xalqların və
dinlərin nümayəndələrini bir araya gətirərək qarşılıqlı hörmət və anlaşma prinsiplərini təşviq
edir. Qlobal gərginliklərin artdığı bir dövrdə bu platformanın əhəmiyyətini qoruması
Azərbaycanın beynəlxalq dialoq və sülh təşəbbüslərinə verdiyi töhfəni nümayiş etdirir.
Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan coğrafi mövqeyini sivilizasiyalararası dialoqun
inkişafı üçün mühüm üstünlüyə çevirir. Rəsmi Bakı milli maraqlara əsaslanan müstəqil xarici
siyasət yürüdərək kənar diktələrə qarşı prinsipial mövqe sərgiləyir. Azərbaycana qarşı yönələn
siyasi təzyiqlər və əsassız ittihamlar ölkənin müstəqil mövqeyinin əhəmiyyətini bir daha önə
çıxarır. Prezident İlham Əliyevin bəyanatları Azərbaycanın milli maraqlarını qorumaq və
müstəqil inkişaf yolunu davam etdirmək əzmindən xəbər verir.
İdeoloji təhlükəsizliyin təmin olunmasında cəmiyyətin, xüsusilə gənc nəslin milli-mənəvi
dəyərlər ruhunda tərbiyəsi strateji əhəmiyyət daşıyır. Xarici ideoloji təsirlərə və milli şüuru
zəiflətmək cəhdlərinə qarşı mübarizədə tarixi zəfərlərimiz, qəhrəmanlıq salnaməmiz və zəngin
mədəni irsimiz mühüm rol oynayır. Dövlətin gücü milli həmrəylik, vətənpərvərlik və dövlətçilik
dəyərlərinə bağlılıqla ölçülür.
Beləliklə, Prezident İlham Əliyevin 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumundakı çıxışı ideoloji təhlükəsizliyin müasir dövlətçilik üçün əhəmiyyətini bir daha
gündəmə gətirdi. Milli kimliyin, dövlətçilik ənənələrinin və müstəqil həyat tərzinin qorunması
suverenliyin mühüm şərtlərindəndir. İkili standartlara qarşı prinsipial mövqe və xarici müdaxilə
cəhdlərinin rədd edilməsi Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas istiqamətlərini
əks etdirir. Milli həmrəylik, güclü dövlətçilik ənənələri və aydın strateji hədəflər ölkənin müstəqil
inkişafının başlıca dayaqlarıdır.
İlham Həsənov,
Sabirabad RİH başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi