Вернуться назад Распечатать

Milli birlik, ədalət və sülhə əsaslanan yeni əməkdaşlıq fəlsəfəsi

 

Oktyabrın 27-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
açılışında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər mədəniyyətlərarası münasibətlər
çərçivəsindən xeyli kənara çıxaraq daha geniş miqyası əhatə etdi. Dövlətimizin başçısının
çıxışı müasir beynəlxalq münasibətlər sistemindəki ziddiyyətlərə, dövlətlərin suverenlik
hüququna, milli birliyin əhəmiyyətinə, sülhün və təhlükəsizliyin təmin olunmasına dair prinsipial
siyasi mesajlarla yadda qaldı.
Prezidentin çıxışının əsas məntiqi ondan ibarət idi ki, beynəlxalq dialoq qarşılıqlı
hörmətə, bərabərhüquqlu münasibətlərə və ədalət prinsiplərinə əsaslanmalıdır. Əks halda,
dialoq real əməkdaşlıq vasitəsinə deyil, siyasi bəyanatlar səviyyəsində qalan formal prosesə
çevrilə bilər. Dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın
multikulturalizm və tolerantlıq təcrübəsi oldu. Prezident İlham Əliyev vurğuladı ki,
multikulturalizm, dini və etnik dözümlülük Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı
dəyərlərdir. Dövlətimizin başçısının sözlərinə görə, Azərbaycanın sabit inkişafının əsas
səbəblərindən biri məhz cəmiyyətimizdəki ahəngdarlıqdır. Bu yanaşmanın siyasi və ictimai
əhəmiyyəti böyükdür. Çünki müasir dünyada bir sıra ölkələr etnik, dini və mədəni
fərqliliklərdən qaynaqlanan ziddiyyətlərlə üzləşdiyi halda, Azərbaycan müxtəlifliyin vahid milli
kimlik daxilində birləşə biləcəyini nümayiş etdirir.
Prezidentin azərbaycançılıq ideyasına xüsusi diqqət yetirməsi də təsadüfi deyil.
Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqları və dini icmaları birləşdirən ümummilli dəyər
kimi çıxış edir. Bu ideya hər hansı etnik və ya dini mənsubiyyəti inkar etmir, əksinə, onların
hamısını vahid dövlətçilik və vətəndaşlıq prinsipləri ətrafında birləşdirir. Dövlət başçısının qeyd
etdiyi kimi, bu birlik özünü Azərbaycanın müstəqillik tarixinin ən çətin mərhələlərində, xüsusilə
İkinci Qarabağ müharibəsində bütün aydınlığı ilə göstərdi. Müxtəlif etnik və dini mənsubiyyətə
malik Azərbaycan vətəndaşlarının ölkənin ərazi bütövlüyü uğrunda vahid mövqedən çıxış
etməsi milli həmrəyliyin real təzahürü oldu. Burada prinsipial bir siyasi nəticə ortaya çıxır:
güclü dövlət iqtisadi və hərbi potensialla yanaşı, möhkəm ictimai birliyə, ortaq milli dəyərlərə
və vətəndaşların dövlətə bağlılığına əsaslanır.
Cənab Prezidentin çıxışında diqqət çəkən digər istiqamət müasir təhlükəsizlik
anlayışının daha geniş məzmunda təqdim olunması idi. Dövlət başçısı xatırlatdı ki,
Azərbaycanda daxili risklər yoxdur, bütün potensial risklər sərhədlərimizdən kənardan
qaynaqlanır, ideoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Prezidentin sözlərinə görə, buna
görə də daim ayıq olmalı, milli kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi
qətiyyətlə qorumalıyıq. Bu fikir xüsusilə qloballaşmanın, rəqəmsal kommunikasiya vasitələrinin
və informasiya müharibələrinin genişləndiyi bir dövrdə aktual səslənir. Bu gün dövlətlərin
təhlükəsizliyi təkcə sərhədlərin qorunması ilə ölçülmür. Milli kimliyin, ictimai həmrəyliyin,
mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin müdafiəsi də təhlükəsizlik siyasətinin ayrılmaz
hissəsinə çevrilir. Bu baxımdan təhsil, mədəniyyət, media savadlılığı və gənclərin milli-mənəvi
dəyərlər əsasında yetişdirilməsi strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışının əsas siyasi məqamlarından biri də beynəlxalq
münasibətlərdə ikili standartlar siyasətinə qarşı prinsipial mövqeyi oldu. Dövlət başçısı bu
yanaşmanın beynəlxalq siyasətdən tamamilə çıxarılmalı olduğunu bildirərək Azərbaycan
cəmiyyətinin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlatdı. Əslində, bu fikir müasir
beynəlxalq sistemin ən ciddi problemlərindən birinə toxunur. Beynəlxalq hüququn prinsipləri
bütün dövlətlərə eyni qaydada tətbiq olunmadıqda, müxtəlif münaqişələrə siyasi maraqlardan
asılı olaraq fərqli münasibət göstərildikdə beynəlxalq institutlara etimad zəifləyir. Azərbaycan
uzun illər bu cür ziddiyyətlərin nəticələri ilə üzləşib. Ölkəmizin ərazi bütövlüyü ilə bağlı qəbul
edilmiş beynəlxalq qətnamələrin icrası təmin olunmadığı halda, müxtəlif siyasi dairələr
tərəfindən selektiv yanaşmalar nümayiş etdirilib.
Prezident İlham Əliyevin müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək və nəyi etməmək
barədə dərslər verilməməli olduğuna dair fikri də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Dövlətlərin bərabərliyi və suverenliyinə hörmət beynəlxalq münasibətlərin fundamental
prinsipləridir. Dialoq bu prinsiplərin zəiflədilməsinə deyil, möhkəmləndirilməsinə xidmət
etməlidir. Azərbaycan uzun illər davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü və
suverenliyini bərpa etdi. Prezident xatırlatdı ki, ölkəmiz BMT Nizamnaməsinə və

özünümüdafiə hüququna əsaslanaraq ərazilərini azad edib, BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul edilmiş qətnamələrinin icrasını öz imkanları hesabına təmin edib. Lakin
burada diqqət çəkən əsas məqam hərbi qələbədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə
çıxış etməsidir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan qarşı tərəfin
kapitulyasiyasından sonra hərbi əməliyyatları davam etdirmədi, dayandı və sülh təklif etdi. Bu
yanaşma Azərbaycanın regional siyasətində strateji seçimi əks etdirir. Məqsəd hərbi
qarşıdurmanı sona çatdırmaqla kifayətlənmək deyil, onun yerində davamlı təhlükəsizlik,
qarşılıqlı etimad və əməkdaşlıq üçün yeni imkanlar yaratmaqdır.
Hesab edirəm ki, bu təcrübənin beynəlxalq müzakirələr üçün əsas əhəmiyyəti ondan
ibarətdir ki, münaqişədən sonrakı mərhələdə siyasi iradənin və sülh təşəbbüslərinin rolu ön
plana çıxır. Ədalətli və davamlı sülhün təmin olunması üçün beynəlxalq hüquqa hörmət,
dövlətlərin suverenliyinin tanınması və gələcək əməkdaşlığa hazırlıq vacib şərtlərdir.
Bu gün demək olar ki, hər il yeni müharibələrin alovlandığını qeyd edən Prezidentin
Azərbaycan təcrübəsinin bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə biləcəyi barədə
fikirləri ölkəmizin sülh gündəliyini beynəlxalq müstəvidə təqdim etməsi baxımından xüsusi
əhəmiyyət daşıyır. Əlbəttə, hər bir münaqişənin özünəməxsus tarixi və siyasi xüsusiyyətləri
var. Lakin müharibədən sonrakı dövrdə sülh istiqamətində siyasi iradənin nümayiş etdirilməsi
universal əhəmiyyətə malik yanaşmadır.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın müstəqil xarici siyasətinə də ayrıca
toxundu. Prezident vurğuladı ki, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırıb və bu
gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür. Dövlət başçısı ölkəmizin 35
ildə əldə etdiyi nailiyyətlərin Azərbaycan xalqı tərəfindən qazanıldığını da xüsusi qeyd etdi. Bu
sabitlik təsadüfi nəticə deyil. Onun arxasında müstəqil qərarların qəbul edilməsi, milli
maraqlara əsaslanan siyasətin həyata keçirilməsi, iqtisadi imkanların genişləndirilməsi və
ictimai həmrəyliyin qorunması dayanır. 
Prezidentin qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq bazarlarda etibarlı enerji
təchizatçısı kimi tanınır, ölkəmizin dünya enerji və nəqliyyat bazarlarındakı rolu isə əhəmiyyətli
dərəcədə artıb. Bu gün Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbi birləşdirən ölkə olmaqla
yanaşı, enerji, nəqliyyat, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrində əlaqələndirici rol
oynayan etibarlı tərəfdaşdır.
Beləliklə, Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də mədəniyyətlərarası
dialoq ilə siyasi və iqtisadi əməkdaşlıq arasındakı qarşılıqlı bağlılıqdır. Davamlı tərəfdaşlıq
üçün ortaq iqtisadi maraqlar kifayət etmir: qarşılıqlı etimad, mədəni həssaslıqlara hörmət və
siyasi münasibətlərdə proqnozlaşdırılan davranış da zəruridir. VII Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bu baxımdan xüsusi rəmzi və siyasi
məna daşıyır. Azərbaycan beynəlxalq ictimaiyyətə dialoqun əhəmiyyətindən danışmaqla
kifayətlənmir, müxtəlif mədəniyyətlərin birgəyaşayış təcrübəsini, müstəqil dövlətçilik modelini
və sülhə yönəlmiş siyasi yanaşmasını təqdim edir.
Prezident İlham Əliyevin çıxışının əsas mesajı aydındır: dayanıqlı sülh və etibarlı
beynəlxalq əməkdaşlıq qarşılıqlı hörmət, suverenliyə ehtiram, ədalət və bərabərlik prinsipləri
olmadan mümkün deyil. Mədəniyyətlərarası dialoq isə bu prinsiplərin cəmiyyətlər və dövlətlər
arasında möhkəmlənməsinə xidmət edən vasitədir. Azərbaycanın irəli sürdüyü yanaşma
göstərir ki, güclü milli kimliklə dünyaya açıqlıq, müstəqil dövlətçiliklə beynəlxalq əməkdaşlıq,
tarixi yaddaşla gələcəyə yönəlmiş sülh siyasəti bir-birinə zidd anlayışlar deyil. Əksinə, onlar
bir-birini tamamlayaraq daha sabit, ədalətli və təhlükəsiz gələcəyin formalaşmasına xidmət
edə bilər.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” saytının təsisçi drektoru