Вернуться назад Распечатать

2026-cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

 2026-cı il üzrə büdcə proqnozlarında səhiyyə xərclərinin ümumi məbləği 2,0 milyard manat nəzərdə tutulur. Bu, əvvəlki il ilə müqayisədə 30,7 milyon manat (+1,5%) çoxdur. Nəticədə səhiyyə xərclərinin ümumi büdcə xərclərindəki payı 4,9% təşkil edəcək.

1xeber.media xəbər verir ki, səhiyyə sahəsinə ayrılan xərclərin ən böyük hissəsi əhalinin dövlət vəsaitı hesabına icbari tibbi sığortalanmasına yönəldiləcək – 900 milyon manat (44,5%). Səhiyyə sahəsində digər xidmətlərə 879,2 milyon manat (43,4%), xəstəxanaların saxlanılmasına 219,7 milyon manat (10,9%), poliklinika və ambulatoriyaların saxlanılmasına 20,3 milyon manat (1%), səhiyyə sahəsində tətbiqi tədqiqatlara isə 5,1 milyon manat (0,3%) vəsait nəzərdə tutulub.

Səhiyyə Nazirliyi üzrə nəzərdə tutulan 274,5 milyon manatlıq xərclərin böyük hissəsi (57,4% / 157,7 mln. ₼) məhkəmə-tibbi, tibbi kriminalistik, qanköçürmə və digər xidmətlərin payına düşür. Həmçinin sanitar-epidemioloji tədbirlərə 51,3 milyon manat (18,7%), ümumi və xüsusi xəstəxanaların saxlanılmasına 50,5 milyon manat (18,4%), bərpa-müalicə sanatoriyalarına 9,4 milyon manat (3,4%), qanköçürmə üzrə tibbi xidmətlərə 3 milyon manat (1,1%) və tədqiqat fəaliyyətinə 2,7 milyon manat (1%) ayrılacaq. 

İxtisaslaşmış tibb mərkəzlərindən Milli Onkologiya Mərkəzinə 64,1 milyon manat (bunun 62,7 mln. ₼-i Milli Onkologiya Mərkəzi, 1,4 mln. ₼-i ATU Onkoloji Klinikası), Xüsusi Tibb Xidmətinə 18,8 milyon manat, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə isə 9 milyon manat vəsait ayrılacaq.

Dövlət proqramları və tədbirləri üzrə maliyyələşən xəstəliklərə ümumilikdə 314,3 milyon manat yönəldiləcək. Bu çərçivədə şəkərli diabet üzrə tədbirlərə 69 milyon manat, onkoloji xəstəliklərə 62,7 milyon manat, qanın bədxassəli və irsi xəstəliklərinə 51 milyon manat, xroniki böyrək çatışmazlığına 44,5 milyon manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına 34,8 milyon manat, hemofiliya xəstəliyinə 17 milyon manat, donorluğun inkişafına 8,8 milyon manat, dağınıq sklerozun müalicəsinə 6,9 milyon manat, İİV/QİÇS-lə mübarizəyə 7 milyon manat, ixtiyoz və kəpənək xəstəliyinə 6 milyon manat, ana və uşaqların sağlamlığına 4 milyon manat, vərəmlə mübarizəyə 2 milyon manat və uşaqlarda kistoz fibroz genetik xəstəliyinə 600 min manat vəsait xərclənəcək.