Вернуться назад Распечатать

Rusiya və Ukraynanın ombudsmanları humanitar missiya üçün eyni avtobusla yola düşüblər

1xeber.media xəbər verir ki, Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova və ukraynalı həmkarı Dmitri Lubinets Xerson vilayətinin Oleşki şəhərinə humanitar missiya çərçivəsində birlikdə yola düşüblər.

Lantratova bu barədə Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, tərəflər əldə olunmuş razılaşmaların icrasını birlikdə əlaqələndirirlər. Paylaşılan görüntülərdə hər iki ombudsmanın eyni avtobusda olduğu görünür.

Rusiya ombudsmanı Oleşkidə atəşkəs rejiminin qüvvədə qaldığını və tərəflərin üzərinə götürdükləri öhdəlikləri tam yerinə yetirdiklərini bildirib.

Oktyabrın 30-da ərzaq və dərman preparatları daşıyan humanitar karvanın Oleşki istiqamətində hərəkətə başladığı açıqlanmışdı. Missiya zonasına ABŞ, Fransa, İtaliya və Ukraynadan olan jurnalistlərin də göndərildiyi bildirilir.

Qeyd edək ki, Rusiya və Ukrayna oktyabrın 23-də ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Oleşkidə lokal atəşkəs barədə razılığa gəliblər. Razılaşmanın məqsədi humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsinə şərait yaratmaqdır. Atəşkəs rejimi oktyabrın 27-si saat 04:00-dan etibarən Xerson istiqamətində tətbiq olunub.