1xeber.media xəbər verir ki, Azərbaycan və Gürcüstan Orta Dəhlizin inkişafını əsas prioritetlərindən biri hesab edir.
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Siqnaxidə keçirilən Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclasında bildirib.
Baş nazirin sözlərinə görə, nəqliyyat və tranzit sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Tərəflər Orta Dəhlizin inkişafı və onun imkanlarının genişləndirilməsi istiqamətində birgə səylərini davam etdirirlər.
Ə.Əsədov Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə istismara verilməsini və xəttin illik yükaşırma qabiliyyətinin 5 milyon tona çatdırılmasını uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.
O, həmçinin Azərbaycan və Gürcüstan arasında mədəni-humanitar əlaqələrin əhəmiyyətini vurğulayıb. Baş nazir Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə yaxın zamanda başlanacağına ümid etdiyini bildirib.
Ə.Əsədov Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycandakı gürcü icmasının iki xalq arasında münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. O, eyni zamanda ana dilində təhsil imkanlarının qorunmasının vacibliyini vurğulayıb.