1xeber.media xəbər verir ki, İranın ABŞ-ın məhdudiyyətlərini və Qərbin sanksiyalarını aşaraq ölkəyə hərbi texnika və digər təchizat vasitələri gətirmək üçün beynəlxalq gizli şəbəkədən istifadə etdiyi iddia olunur.
“Reuters” agentliyinin oktyabrın 30-da yaydığı məlumata görə, bu şəbəkə xarici vasitəçilər və digər ölkələrin banklarında açılmış hesablar vasitəsilə tədarüklərin maliyyələşdirilməsini təmin edir.
Agentliyin araşdırmasında bildirilir ki, İran 2025-ci ilin yanvarından etibarən bu mexanizm vasitəsilə ən azı 2 milyard dollar dəyərində texnika, partlayıcı maddələr və ağır yük avtomobilləri idxal edib. Bu fəaliyyətin ABŞ-ın dəniz blokadasını və Qərb sanksiyalarını aşmağa yönəldiyi qeyd olunur.
“Reuters”in məlumatına əsasən, İran Müdafiə Nazirliyinin müxtəlif bölmələrinin adları arxasında 5 mindən çox qurum fəaliyyət göstərir. Bu qurumların maliyyə izlərinin 2016-cı ildən etibarən gəmiçilik məlumatlarında müşahidə olunduğu bildirilir.
Araşdırmada həmin strukturların bir qisminin İslam İnqilabı Keşikçiləri Korpusu və İran elitasının nəzarətində olan iri biznes qrupları ilə əlaqəli olduğu da vurğulanır.