Yeni Yasamal sakinləri 2018-ci ildə Yasamal Parkının genişləndirilməsi ilə bağlı verilən göstərişin icra olunmadığını, ərazidə çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə hazırlıq görüldüyünü iddia edirlər.
1xeber.media xəbər verir ki, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 44 ünvanında yaşayan sakinlərin sözlərinə görə, Prezident İlham Əliyev 2018-ci ildə Mehriban Əliyeva ilə birlikdə Yasamal Parkının açılışında iştirak edərkən parkın ərazisinin “Şuşa məktəbi”nə qədər genişləndirilməsi barədə göstəriş verib.
Sakinlərin sözlərinə görə, həmin vaxt Yasamal Rayon İcra Hakimiyyətinin başçısı da orada olub və göstərişin yerinə yetiriləcəyini vəd edib. Lakin sakinlər artıq yeddi ildir ki, parkın genişləndirilməsini gözlədiklərini deyirlər.
Sakinlərin iddiasına görə, uzun müddət məcburi köçkünlərin məskunlaşdığı köhnə məktəb binası boşaldıldıqdan sonra əraziyə “Şərur MTK”nın nümayəndələri nəzarət etməyə başlayıblar. Sakinlər burada yaşayış kompleksinin tikintisinə hazırlıq işlərinin aparıldığını bildirirlər. Məsələ ilə bağlı “Space” telekanalı süjet hazırlayıb və “Şərur MTK”nın rəhbəri İsfəndiyar Axundovun mövqeyini öyrənib.
İ.Axundov bildirib ki, şirkət parkın genişləndirilməsi üçün nəzərdə tutulan ərazini almayıb. Onun sözlərinə görə, MTK zərərçəkən şəxsləri mənzillərlə təmin edib, dövlət isə bunun qarşılığında şirkətə bina tikintisi üçün torpaq sahəsi ayırmaq öhdəliyi götürüb. Şirkət rəhbəri ərazinin boşaldılmasını gözlədiklərini və torpağın onlara hazır vəziyyətdə verilməli olduğunu qeyd edib.
Axundov, həmçinin bildirib ki, əgər həmin ərazidə park salınması ilə bağlı Prezidentin göstərişi varsa və bu, rəsmi şəkildə şirkətə bildirilsə, MTK parkın tikintisini öz hesabına həyata keçirməyə hazırdır.
Sakinlər isə rayon icra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, lakin problemlərinin həll olunmadığını deyirlər. Onlar ərazidə parkın genişləndirilməsi məsələsinə aydınlıq gətirilməsini və aidiyyəti qurumların müdaxiləsini istəyirlər.
Hazırda sakinlərin gözləntisi Yasamal Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı mövqeyini açıqlaması və ərazinin gələcək taleyinə aydınlıq gətirməsidir.


