Вернуться назад Распечатать

Sabiq deputatdan Aqil Abbasın "ev davası"na və spikerin cavabına sərt reaksiya

Milli Məclisin 30 oktyabr 2026-cı il tarixli plenar iclasında deputat Aqil Abbasın Ağdamda ona və bacı-qardaşlarına ev verilməməsi ilə bağlı şikayətinə sabiq millət vəkili Etibar Hüseynovdan münasibət gəlib. Keçmiş deputat sosial şəbəkə hesabında yaydığı bəyanatda həm parlamentdəki müzakirə formasına, həm də azad edilmiş ərazilərdə sosial ədalət prinsiplərinə toxunub.

1xeber.media xəbər verir ki,sabiq millət vəkili Etibar Hüseynov Bakıda hər cür şəraiti olan şəxslərin önə çəkilməsini tənqid edərək Ağdamda tikilən evlərin ilk növbədə daha ağır şəraitdə – qaçqın şəhərciklərində və yataqxanalarda məskunlaşmış vətəndaşlara verilməli olduğunu bildirib. E.Hüseynov vurğulayıb ki, Bakıda işi, məktəbi, bağçası və oturuşmuş həyatı olan imtiyazlı kəslər Ağdamda ev alsalar belə, üzrlü səbəblərdən daimi olaraq orada yaşamayacaqlar.
Bununla belə, müəllif Qarabağın dahi şəxsiyyətlərinin, Milli Qəhrəmanların ailələrinin və tanınmış ziyalıların gələcəkdə ən yüksək səviyyədə mükafatlandırılmasının halal olduğunu, lakin bunun tikinti işlərinin daha da genişlənəcəyi növbəti mərhələlərdə reallaşdırılmasının məqsədəuyğunluğunu qeyd edib.
Sabiq parlamentari, həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın Aqil Abbasın çıxışına verdiyi və mətbuatda geniş əks-səda doğuran sərt reaksiyasını da bəyənmədiyini, spikerin yanaşmasını "aqressiv" hesab etdiyini dilə gətirib.
Xatırladaq ki, parlamentin iclasında deputat Aqil Abbasın "Atamın Ağdamda 6 otaqlı evi olub, niyə bizə mənzil düşmür?" iradına spiker Sahibə Qafarova sərt etiraz edərək, bu cür iddiaların dövlət tərəfindən azad edilmiş torpaqlarda görülən genişmiqyaslı quruculuq işlərinə ləkə saldığını bildirmişdi