Вернуться назад Распечатать

Ağdamlı köçkündən millət vəkilinə ittiham: "Kürsüdən şəxsi probleminizlə minlərlə insanın dərdini qarışdırmayın"

 Ağdamlı Məcburi Köçkünün Millət Vəkilinə Açıq Məktubu Gündəm Oldu: "Millət vəkilinin səsi şəxsi mülkiyyət tələbindən daha geniş məsuliyyət daşıyır"
1xeber.media xəbər verir ki,Ağdam rayonunun işğalı zamanı ailəsi ilə birlikdə doğma yurdundan didərgin düşən Günel Musa adlı vətəndaşın sosial şəbəkələrdə paylaşdığı müraciət böyük rezonans doğurub. Müharibənin gətirdiyi ağrıları və köçkünlük həyatının çətinliklərini dilə gətirən şikayətçi, eyni zamanda millət vəkili Aqil Abbasın parlamentdəki çıxışına kəskin etirazını bildirib.
"Üç ev qoyub çıxdıq, ailə başçımızı uşaq bağçasından son mənzilə yola saldıq"
Günel Musa ailəsinin Ağdamda üç mülkünün – İmarətə bitişik baba yurdunun, Qızıl Əsgər küçəsindəki 6 otaqlı həyət evinin və mərkəzdəki 2 otaqlı mənzilinin olduğunu qeyd edib. Müharibə səbəbindən uşaq yaşlarında bu evləri tərk etmək məcburiyyətində qaldıqlarını deyən vətəndaş, sonrakı 30 illik dramı bu sözlərlə ifadə edib:"Bir ailənin taleyini təsəvvür edin: üç evdən çıxıb bir uşaq bağçasına sığınmaq, orada övlad böyütmək, gəlin köçürmək, oğul evləndirmək, nəhayət, dörd il döyüşmüş, qazi olmuş atamı əlli yaşında elə həmin uşaq bağçasından son mənzilə yola salmaq..."
"Ərə getdiyimiz üçün ev haqqımız bitirmi?"
Vətəndaş hazırda dövlət tərəfindən anasına itirilmiş üç evin əvəzinə yalnız bir mənzil təklif olunduğunu, bacısı və özünə isə ailə qurduqları əsası ilə ev düşmədiyinin bildirildiyini vurğulayıb. Bu qərara etiraz edən şikayətçi hüquqi və mənəvi bağların qırılmasından narazılığını ifadə edib:"Müharibə vaxtı uşaq olan qızların ev haqqı ailə qurduqları günmü bitir? Məgər ərə getmək insanın doğulduğu torpağa, ailəsinin itirdiyi mülkiyyətə olan bağlılığını ləğv edir? Gedib öz torpağımda kirayədə yaşamaq fikri mənə ağır gəlir."
Deputata çağırış: "Haqqınızı bizə bağışlayasınız?"
Müraciətin ən diqqətçəkən hissəsi isə Milli Məclisin deputatı Aqil Abbasın Ağdamla bağlı son çıxışına ünvanlanıb. Millət vəkilinin ümumi problem fonunda daha çox öz şəxsi tələblərini dilə gətirdiyini iddia edən Günel Musa ona belə müraciət edib:"Aqil müəllim, bağışlayın, bəlkə də sizdən mümkünsüz bir şey istəyirəm. Olarmı haqqınızı bizə bağışlayasınız? Heç kimin doğma yurdunda ev istəmək haqqını inkar etmirəm. Amma millət vəkili kürsüsündən danışanda şəxsi probleminizlə minlərlə insanın problemini qarışdırmayın. Çünki millət vəkilinin səsi şəxsi mülkiyyət tələbindən daha geniş bir məsuliyyət daşıyır."
Məktub qısa zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən geniş paylaşılaraq Böyük Qayıdış prosesində köçkün ailələrinin qarşılaşdığı mənzil-mülkiyyət bölgüsü məsələsini yenidən müzakirə obyektinə çevirib.