Вернуться назад Распечатать

"STOP"a milli "yamaq" — TOXDA!-Ay rəhmətliyin oğlu, bir az toxda, görək nə edirik!

 Sən demə, bizim ölkədə bütün dərdlər-sərlər bitib, iqtisadiyyat pik nöqtədədir, tıxac problemi həll olunub, ekologiyamız təmizlənib, bircə dərdimiz qalıb — yol kənarındakı dördbucaqlı nişanların üstündəki dörd hərf: "STOP".
Bəli, son günlər deputat Hikmət Babaoğlu deputatlıq fəaliyyətinin ən zirvə nöqtəsinə ucalaraq dünya dilçilik elmində inqilab edib. Təklif edir ki, gəlin bu ingilisin "STOP" sözünü meşədən qovulan ayı kimi qovaq bizim yollardan, yerinə milli-mənəvi dəyərlərimizə uyğun, qulağa xoş gələn "TOXDA" sözünü yazaq.
Yəni deyir ki, rəhmətlik Şekspirin dilindəki "Stop" bizim milli mentalitetimizə ziddir, gəlin yollarda dayananda ingilis kimi yox, qədim türk tayfaları kimi "toxdayaraq" dayanaq.
İndi bir anlıq təsəvvür elə. Sürücüsən, Bakının o dəli tıxacında, əsəblərin tarıma çəkilib. Birdən qarşına bir nişan çıxır: "TOXDA!". Sən də maşında tək deyilsən, yanında da qonağın var. İndi sən nişana baxıb maşını saxlamalısan, yoxsa oturub fikirləşməlisən ki, "Toxda" nə deməkdir? Bəlkə mənə deyir ki, "tox adamam, ac deyiləm, tox dayanmışam"? Yaxud da, hansısa rayonda bu sözü "toxta" kimi işlədənlər var, gərək onda hər rayonun şivəsinə uyğun nişan vuraq? Bir tərəfə "Toxda" yazaq, bir tərəfə "Dayan", bir tərəfə də lap ləhcə ilə "Gözdə görək" yazaq, tam olsun.
Məsələnin ən absurd tərəfi odur ki, dünyada beynəlxalq yol hərəkəti konvensiyası var. Dünyanın harasına getsən, o qırmızı nişanın içindəki "STOP" sözü hamı üçün eyni funksiyanı daşıyır. Sabitdir. İndi sabah bir xarici turist gəlib bizim yollarda "TOXDA" nişanını görəndə elə biləcək ki, yəqin hansısa fast-food restoranının reklamıdır, ya da "toyuq-göyərti" satılan yerdir. Sürəcək düz maşının üstünə. Ondan sonra gəl turistə başa sal ki, yox ey, bizim deputat dilimizi qorumaq istəyirdi, ona görə sən qəzaya düşdün.
Ay hörmətli millət vəkilləri, vallah-billah, dilimizi qorumaq yollardakı beynəlxalq nişanları dəyişməklə olmur. Dilimizi qorumaq istəyirsinizsə, gedin o televiziyalardakı, seriallardakı bərbad danışıqları düzəldin. Gedin mağazaların vitrinlərindəki saxta əcnəbi adları təmizləyin. "STOP" sözü yollarda qalanda dilimiz əldən getmir, narahat olmayın.
Bir də axı biz niyə hər şeyi bu qədər qəlizləşdiririk? Onsuz da bizim sürücülərin yarıdan çoxu nə "STOP"a məhəl qoyur, nə də "TOXDA"ya. Bizimkilər üçün o nişanın üstünə lap qızıl hərflərlə "Qadan alım, bir dəqiqə ayağını saxla" yazsan da, xeyri yoxdur; kim hardan gəldi, maşını soxacaq qabağına.
Qısası, dost, belə təklifləri görəndə adamın sadəcə bir söz deməyi gəlir. Amma ingiliscə yox, elə deputatımızın öz dilində: "Ay rəhmətliyin oğlu, bir az toxda, görək nə edirik!"
Aidə Tofiqqızı. 1xeber.media