Son günlər sosial şəbəkələrə baxıram, elə bil rəsmən Hollivud filminin çəkiliş meydanındayıq. Kimisi üzünə qan rəngi yaxıb, kimisi cadugər papağı qoyub, kimisi də evindəki balqabağı deşik-deşik eləyib içinə şam qoyub. Bəli, söhbət dünyanı bürüyən, son illər bizim ölkədə də xeyli adamın dəbə mindirdiyi Hellouin (Halloween) bayramından gedir.
İndi oturtmuşam qarşıma bir dənə balqabağı, baxıram onun gözlərinə, o da baxır mənim gözlərimə. Sual verirəm: “Ay qadan alım, axı bizə Hellouin lazımdır?”
Gəl bir az səmimi danışaq, danışıq dilində, filtrlərsiz. Biz elə bir millətik ki, bayram, şənlik, şənlənmək üçün bəhanə axtarırıq. Burda qəbahət bir şey var? Yoxdur. İnsanlar bir gün fərqli geyinmək, əylənmək, gündəlik stresdən uzaqlaşmaq istəyir. Bura qədər hər şey əla. Amma məsələnin bir az satirik və bir az da düşündürücü tərəfi var.
Biz hər şeyi bir az şişirtməyi, bir az özümüzünküləşdirməyi sevirik. Amerikanın hansısa ştatında uşaqlar qapı-qapı gəzib "konfet, ya zarafat?" deyəndə bu onların uşaqlıq ənənəsidir. İndi təsəvvür elə, Bakıda çoxmərtəbəli binada, üzünə qorxulu makiyaj etmiş bir uşaq qonşu rəhmətlik Seyfəddin dayının qapısını döyür ki: "Şirniyyat, ya qorxu?". Seyfəddin dayı qapını açanda infarkt keçirməsə, böyük şeydir! Yaxşı variantda uşağa deyəcək ki, "ay bala, konfet yoxdur, Novruzda gələrsən, papaq atarsan".
Bax, bura çox önəmli bir nöqtədir. Biz qorxulu personajları, cadugərləri, zombiləri qeyd etmək üçün Hellouinə bu kadar həvəslə qaçırıqsa, bəs özümüzün o qədər milli personajlarımız hara getdi? Bizim cəmiyyətdə onsuz da hər gün "qorxu və dəhşət" filmi yaşanır. Səhər tezdən avtobusa minməyə çalışan insanların mübarizəsi hər hansı bir zombi apokalipsisindən daha dramatik və qorxuludur. Yaxud da, mağazalardakı qiymət artımını görən alıcının üzündəki o qorxu ifadəsini heç bir Hellouin makiyajı əvəz edə bilməz! Bizə qorxmaq üçün balqabaq lazımdır bəyəm? Tikinti şirkətlərinin, kommunal idarələrin gətirdiyi qəbzlər elə ən böyük Hellouindir də.
İndi gələk o biri tərəfə: "Bizə bu lazımdır?" sualına. Əslində, qadağalarla, "bu bizim mentalitetə uyğun deyil" deməklə heç nə həll olunmur. Qloballaşan dünyadır, gənclər rəngarənglik istəyir. Amma bu rəngarəngliyi qeyd edəndə də kökümüzü, özümüzü unutmamalıyıq. Hellouində balqabaq oyub, Novruz bayramında kosa ilə keçəli bəyənməmək bax bu, əsl düşündürücü və bir az da ağlamalı məsələdir. Yadın bayramını oyun-oyuncaq, öz bayramını isə "köhnəlik" hesab edirsənsə, deməli, sənin içindəki o balqabağın içi boşdur, dost.
Qısası, kim necə istəyir əylənsin, üzünə canavar rəsmi çəksin, ya cadugər olsun. Amma gəlin elə edək ki, ildə bir gün qorxulu geyim geyinib əylənənlər, ilin digər 364 günündə bir-birinin əsəbləri ilə oynayıb həyatı həqiqi qorxu filminə çevirməsinlər.
Nə deyirəm, Hellouininiz mübarək, amma qapını döyən uşaqlara konfet verməyi də unutmayın, yoxsa qonşu Seyfəddin dayı ilə aranız dəyər!
Aidə Tofiqqızı.
1xeber.media