Вернуться назад Распечатать

Bakının küçələrində böyük dəyişiklik: Kiçik sahibkarları nə gözləyir?

 “Piyada zonalarının yaradılması yalnız şəhərsalma və nəqliyyat siyasəti deyil, həm də yerli iqtisadi fəallığa, sahibkarlıq mühitinə və kommersiya daşınmaz əmlak bazarına təsir edən mühüm iqtisadi qərardır”.

1xeber.media xəbər verir ki,bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Elşən Bağırzadə bildirib.

Onun sözlərinə görə, beynəlxalq empirik tədqiqatlar göstərir ki, düzgün planlaşdırılmış piyadalaşdırma layihələri, bir qayda olaraq, yerli ticarət və xidmət sektorunun inkişafına müsbət təsir göstərir: 

“Avtomobil hərəkətinin məhdudlaşdırılması insanların həmin ərazidə daha rahat hərəkət etməsinə, daha çox vaxt keçirməsinə və nəticədə istehlak xərclərinin artmasına şərait yaradır. Xüsusilə kafe, restoran, mağaza, əyləncə və digər xidmət müəssisələri bundan faydalana bilir.

Parkinq yerlərinin ləğvinin mütləq müştəri itkisinə səbəb olması fikri isə elmi araşdırmalarla təsdiqlənmir. Tədqiqatlar göstərir ki, avtomobillə gələn müştərilər bir alış zamanı daha çox xərcləsələr də, piyada və ictimai nəqliyyatla gələnlər daha tez-tez alış-veriş edə bilirlər.

Buna görə də əsas məsələ parkinq yerlərinin sayı deyil, ərazinin ümumi nəqliyyat əlçatanlığıdır. Bununla belə, ağır və iri məhsulların satışı kimi avtomobillə birbaşa girişdən asılı olan bizneslər üçün müəyyən çətinliklər yarana bilər”.

Ekspert qeyd edib ki, piyadalaşdırmanın digər mühüm iqtisadi nəticəsi ərazinin kommersiya cəlbediciliyinin və buna uyğun olaraq icarə qiymətlərinin yüksəlməsi ehtimalıdır:

“Burada müəyyən ziddiyyət yaranır: ərazidə iqtisadi fəallıq artsa da, bu artımdan bütün sahibkarlar eyni dərəcədə faydalanmırlar. İcarə xərclərinin yüksəlməsi xüsusilə aşağı mənfəət marjası ilə işləyən kiçik müəssisələri sıxışdıra, onların daha iri və maliyyə imkanları geniş olan bizneslərlə əvəzlənməsinə səbəb ola bilər. İqtisadi ədəbiyyatda bu proses kommersiya centrifikasiyası adlandırılır.

Bu baxımdan, Bakıda da belə layihələr həyata keçirilərkən ictimai nəqliyyatın əlçatanlığı, alternativ parkinq və logistika imkanları, mövcud kiçik sahibkarların maraqları və kommersiya icarələrinin dinamikası kompleks şəkildə qiymətləndirilməlidir. Layihələrin nəticələri yalnız piyadaların sayına və ticarət dövriyyəsinə görə deyil, həm də bizneslərin gəlirliliyi, məşğulluq və sahibkarlıq müxtəlifliyi baxımından ölçülməlidir.

Yekun olaraq onu deyim ki, piyadalaşdırmanın iqtisadi uğuru küçədə avtomobillərin azalması ilə deyil, həmin ərazidə iqtisadi fəallığın nə qədər artması və yaranan faydaların sahibkarlar arasında nə dərəcədə geniş bölüşdürülməsi ilə ölçülməlidir”.