Gəl bu gün hər birimizin evində, o balaca derman qutusunun içində yaşanan gizli dramdan danışaq. Lap səmimi, süzgəcsiz, necə deyərlər, ağrıyan yerimizdən.
Bu yaxınlarda bir balaca qrip olmuşdum, yolumu aptekdən saldım. Cibimdə də elə bilirəm normal pul var, bəs edər. Aptekçi dörd dənə adi dərmanı hesablaya-hesablaya rəqəmləri ard-arda düzəndə, inan sənə, qripim bir saniyənin içində keçdi, yerini infarkt qorxusu aldı! Ürəyimdə fikirləşdim ki, görəsən mən aptekə gəlmişəm, yoxsa qızıl mağazasına?
Axı niyə bu dermanlar bu qədər bahadır, dost? Bir daxili istehsalımız demək olar ki, yox dərəcəsindədir, hər şey xaricdən gəlir — bunu anlayırıq. Amma eyni dərmanın, eyni tərkibli maddənin bir aptekdə ayrı, o biri aptekdə tamamilə fərqli qiymətə satılmasına nə ad verək? Bir qutu həbi alırsan, növbəti küçədəki aptekdə eyni qutunun üstünə sanki "baxış pulu" da qoyublar. İnsan lap mat-mehtəl qalır.
Bəli, rəsmi olaraq qiymətləri tənzimləyən, bu sahəyə nəzarət edən Tarif Şurası var, dövlət müəyyən çərçivələr qoyur, siyahılar tərtib edir. Amma bazarda o derman monopoliyasını əlində saxlayan, xaricdən gətirmə xətlərini inhisara alan bəzi işbazlar var ey, bax bütün problem onlardadır! Adamlar elə bir sistem qurublar ki, qiymətlərlə istədikləri kimi oynayırlar. Olan da kimə olur? Əlbəttə ki, o sadə, kasıb vətəndaşa.
İndi özün təsəvvür elə. Təqaüd alan bir nənəni, yaxud minimum əməkhaqqı ilə ailə saxlayan bir atanı gözünün qabağına gətir. Xəstələnmək artıq lüksə çevrilib. Bir tərəfdən həkim dərdi, o biri tərəfdən dərman dərdi. Həkimə gedirsən, sənə bir resept yazır, elə bil resept yox, antikvar əşyaların siyahısıdır.
Gedirsən aptekə, qiyməti eşidəndə adamın gözü kəlləsinə çıxır. İndi bu kasıb yazıq neyləsin? Xəstələnəndə sağalmağı yox, qiymətləri görüb ölməyinimi gözləsin? Vallah, adamın ürəyi ağrıyır. İnsanlar aptekə şəfa tapmağa gedir, dərd tapıb qayıdır.
Biz hər şeyin ən yaxşısına layiq millətik. Sağlamlığımız isə ən mühüm məsələdir. Dövlətimiz tibbi sığortanı (İcbari Tibbi Sığorta) gətirdi, xəstəxanalarda növbələr düzəldi, müayinələr pulsuzlaşdı — bu, böyük və təqdirəlayiq addımdır, sağ olsunlar. Amma gəl gör ki, o sığortanın yazmadığı, mütləq kənardan alınmalı olan spesifik dərmanların qiyməti o boyda zəhmətin üstündən xətt çəkir. O işbazların, monopoliyanı quranların insafına, vicdanına buraxmaq olmaz bu milləti.
Nəzarət elə bir səviyyədə olmalıdır ki, o apteklərdəki qiymət fərqi sadə adamın belini bükməsin.
Qısası, dost, xəstələnməyin. Özünüzü qoruyun, qalın geyinin, limonlu çay için. Çünki bu günlərdə ən ucuz müalicə yolu — ümumiyyətlə xəstələnməməkdir. Allah hamıya şəfa versin, aptekləri də bizim cibimizə qarşı bir az insaflı eləsin!
Aidə Tofiqqızı
1xeber.media