Вернуться назад Распечатать

Rusiya və Ukrayna arasında danışıqların tarixi açıqlandı

1xeber.media xəbər verir ki, Rusiya və Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə növbəti danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton tərəflər arasında işçi səviyyəsində keçiriləcək danışıqlara vasitəçilik edəcək. Uitkoff bildirib ki, məqsəd əvvəlki görüşlərdə əldə olunan irəliləyişi davam etdirmək və gələcək nəsillərin təhlükəsizliyini təmin edəcək hərtərəfli, davamlı sülh sazişinə nail olmaqdır.

Bundan əlavə, ABŞ nümayəndələri bu həftə Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO təmsilçiləri ilə görüşəcəklər. Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları, münaqişədən sonrakı Avropanın təhlükəsizlik arxitekturası və ölkənin bərpasına iqtisadi dəstək məsələləri müzakirə olunacaq.

Əbu-Dabidəki danışıqlarda ABŞ-ı Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcəklər.

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə ABŞ-ın sülh səylərini yüksək qiymətləndirib. O, Trampın komandası tərəfindən həyata keçirilən diplomatik təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 21-də Vladimir Putin Sankt-Peterburqda Stiv Uitkoffla görüşüb. Təxminən üç saat davam edən görüşdə Cared Kuşner də onlayn formatda iştirak edib.