Вернуться назад Распечатать

15 ildən sonra məzarı açılan Kaşif Kozinoğlunun saçlarında ölümcül maddə çıxdı

2011-ci ildə “Ergenekon” istintaqı çərçivəsində həbsdə olarkən Silivri həbsxanasında həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqda irəliləyiş var.

1xeber.media "Sabah" qəzetinə istinadən xəbər verir ki, Silivri Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Kozinoğlunun məzarı açılıb və məhkəmə ekspertləri tərəfindən müayinə üçün nümunələr götürülüb.

Məlumatına görə, Kozinoğlunun məzarından götürülmüş nümunələrin müayinəsi zamanı onun saçlarında 548 nanoqram, dırnaqlarında isə 7002 nanoqram zəhərli antimon maddəsi (Antimon (Sb), arsenikə bənzər xüsusiyyətlərə malik, çox kiçik dozalarda belə orqanizm üçün son dərəcə zəhərli və ölümcül olan ağır metalloiddir, - red.) olduğu aşkar edilib.

Antimon adlı maddə meyitin bioloji toxumalarında yüksək miqdarda aşkarlanıb, lakin məzardan götürülən torpaq nümunələrində tapılmayıb. Bu isə maddənin torpaqdan deyil, başqa bir mənbədən orqanizmə daxil olması ehtimalını gündəmə gətirib.

Xatırladaq ki, bundan əvvəl ürək tutmasından öldüyü bildirilən Kozinoğlunun ölümü ilə bağlı yenidən açılan istintaqda bu günə qədər 30 şübhəli haqqında hüquqi proses başlanılıb.

Silivrinin o vaxtkı baş prokuroru Əli İşgören, Silivri Həbsxanasının o vaxtkı prokuroru Nəcib Doğan, keçmiş kəşfiyyat zabiti Ənvər Altaylı və həbsxana gözətçiləri və təcili tibbi yardım texnikləri də daxil olmaqla 9 şübhəli həbs olunub.

İstintaq çərçivəsində hazırda azadlıqda olan bir zabit haqqında da həbs qərarı verilib.