“Türk Dövlətləri Təşkilatı (TDT) yoluna güclənərək davam edəcək”.
1xeber.media xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
Partiyasının parlament fraksiyasının iclasında çıxış edən MHP lideri TDT-yə üzv ölkələrin əməkdaşlıq potensialının səfərbər edilməsi ilə onların qlobal nüfuzunun artacağına və dünya sülhünə daha çox töhfə verəcəklərinə inandığını bildirib.
Xəzərlə Aralıq dənizinin, İssık-Kul ilə Van gölünün, Selenqa ilə Sakaryanın bir-birinə qovuşmasını arzuladığını söyləyən Baxçalı türk dünyasının mədəni-tarixi bağlarının gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Arzumuz Xəzər ilə Aralıq dənizinin həsrətinə son qoymaq, İssık-Kul gölü ilə Van gölünü qovuşdurmaq, Selenqa ilə Sakaryanı bir araya gətirməkdir. Arzumuz Mərvin ulduzlarını Söyütdə seyr etmək, Daşkəndin havasını Konyada udmaq, Bakıda səslənən türküyə İzmirdə qoşulmaq, Bişkekdə doğan günəşi Ankarada yola salmaq, Xoca Əhməd Yəsəvinin hikmət nurunu, Mustafa Kamal Atatürkün cəsarətini türk dünyası ilə bir araya gətirməkdir”.
“Dildə, fikirdə, işdə birlik” şüarı ilə türk dövlətlərinin birgə hərəkət etməli olduğunu qeyd edən partiya rəhbəri türk dünyasının dövrün tələblərinə uyğun imkan və bacarıqlarla ortaq inkişaf strategiyası formalaşdırmasının əhəmiyyətinə diqqət çəkib:
“Eyni qibləyə yönələn ürəklər, türkcə düşünən, türkcə çağıran dillər ortaq inkişaf strategiyası ilə öz müqəddəratını müəyyən etməlidir. Bu münasibətlə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə üzv ölkələr arasında institutsional əlaqələrin gücləndirilməsi, iqtisadi, texnoloji, mədəni və hərbi münasibətlərin inkişaf etdirilməsi, siyasi və strateji əməkdaşlığın artırılması istiqamətində nümayiş etdirilən qətiyyət və güclü iradədən bir daha məmnunluq duyduğumuzu vurğulamaq istəyirəm. 167 maddədən ibarət yekun bəyannamədə əksini tapan və ortaq gələcəyimizi formalaşdıracaq əməkdaşlıq sahələrinin müstəqil və suveren hər bir üzv dövlətin əmin-amanlığına, təhlükəsizliyinə və rifahına töhfə verəcəyinə ürəkdən inanıram.
Türk Dövlətləri Təşkilatı yoluna güclənərək davam edəcək, Türk Əsrini inşa edərkən regional sülhün və əmin-amanlığın, eləcə də qlobal nizamın institutsional dayağına çevriləcək”.