1xeber.media xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiya sədrinin müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk hazırlıq iclası keçirilib.
İclas zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub. Müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Məhkəmə ibtidai istintaq zamanı qanun pozuntusuna yol verilmədiyini və cinayət işinin baxılması üçün düzgün məhkəməyə göndərildiyini əsas götürərək işi məhkəmə baxışına verib. Əsas məhkəmə iclası gələn həftəyə təyin olunub.
Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqədar həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə – hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Həmin maddə üzrə 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İttihamlar məhkəmənin yekun hökmü ilə təsdiqlənməyib.“Qafqazinfo”