"Baxmaq pulsuzdu" deyirlər, amma adam heç olmasa baxanda da doymaq istəyir...
Dünən baş çəkdim bizim məhəllənin bazarına. Dedim bir-iki kilo meyvə-tərəvəz alım, evdə uşaq-muşaq var, vitamin lazımdır. Amma bazara girməyimlə çıxmağım bir oldu. Qiymətlərə baxırsan, adamın gözü kəlləsinə çıxır. Piştaxtaların qarşısında eləcə baxa-baxa qalmışıq.
Bir vaxtlar deyərdik ey, filan şeyin qiyməti "od tutub yanır". İndi od nədir, qiymətlər birbaşa kosmosla danışır. Adam elə bil meyvə yox, qızıl-zinət əşyası alır.
Cibi boş olan adam üçün bazar artıq alış-veriş yeri yox, ekskursiya mərkəzidir. Keçirsən piştaxtaların yanından, ancaq seyr edirsən.
Vallah, elə ekzotik, qəribə adlı meyvələr gətirib töküblər ki, heç adını tələffüz edə bilmirik, nəinki dadını bilək. O bir yana, heç özümüzün yerli heyvanın, narın, almanın da yanına yaxınlaşmaq olmur. Hansından bir kilo istəsən, satıcı elə rəqəm deyir ki, adam öz-özünə sual verir: "Görəsən mən bu meyvəni yesəm, doğrudan da ölümsüz olacam, yoxsa bu qiymət nədir?"
Deyirlər meyvə xeyirlidir, hər gün yemək lazımdır. Yaxşı, bəs cibimizin sağlamlığı necə olsun? Vitamini piştaxtadan gözümüzlə götürüb evə qayıdırıq. Vallah, bu gedişlə yaxın gələcəkdə uşaqlara meyvələrin dadını yox, şəkillərini göstərib nağıl kimi danışacağıq: "Bax, balam, bu heyvadır, vaxtilə baban bunun dadına baxıb..."
Gülürük, amma vallah ağlamalı gündür. Nə vaxta qədər bazara gələndə cibimiz yox, ürəyimiz əsəcək?
Aidə Tofiqqızı
1xeber.media