Вернуться назад Распечатать

Kefdən kredit götürənlər: Borc içində xaricdə dincəlmək olar?

 Bankları “şişirdən” bizik, yoxsa banklar bizi tələyə salır?
Bu yaxınlarda bir dostum mənə deyir ki, "Kredit götürmüşəm, gedirəm xaricə dincəlməyə". Day durub üzünə demədim ki, a rəhmətliyin oğlu, sən dəniz kənarında uzananda bankın faiz sayğacı da işləyəcək, sən orada necə rahat dincələ bilərsən? Amma reallıq budur. Bu gün cəmiyyət olaraq hamımız birtəhər bu kredit bataqlığına batmışıq.
Gəlin dürüst olaq, krediti niyə götürürük?
Bir var həqiqətən çarəsizlikdən, ehtiyacdan götürəsən. Allah eləməsin, qəfil xəstəlik olar, adamın başına bir iş gələr, məcbur qalıb bankın qapısını döyərsən. Buna heç kim heç nə deyə bilməz, bu, həyatdır.
Amma bir də var sırf kefdən, "qonşudan qalan geri qalsın" prinsipi ilə borca girənlər. Adam var, cibində siqaret almağa pulu yoxdur, amma gedib kreditlə son model "iPhone" götürür. Metroda basabasda gedir, amma əlindəki telefonun qiyməti adamın üç aylıq maaşıdır. Niyə? Sırf kiməsə lovğalanmaq üçün, "məndə də var" demək üçün. Adam da var, toy eləmək üçün beş illik borcun altına girir. Toyda yeyib-içən dağılışır, amma borcu yazıq bəylə gəlin növbəti beş ildə ödəyir.
 Toyun diski çoxdan cızılır, faizlər isə hələ də təzə kimi qalır.
Sonra da hamımız yığışıb bankları söyürük. "Banklarda insaf yoxdur, faizlər od tutub yanır, bizi soyurlar". Loru dildə desək, qardaş, bank da sənin bu lovğalığını, bu nəfsini görüb səni rahatca tələyə salır! Onlar xeyriyyə cəmiyyəti deyil ki. Bank məhz sənin bu zəifliyinin üzərindən pul qazanır. Biz özümüz qazanıb yeyə bilmirik, aparıb pulları banklara yedizdiririk, onları milyoner eləyirik.
Ayağımızı yorğanımıza görə uzatmağı çoxdan unutmuşuq. İndi yorğanı da kreditlə alırıq, ayağımızı da bankın müdiri uzadır. Bir az ayılaq vallah, bu nəfsin sonu yoxdur.
Aidə Tofiqqızı
1xeber.media