1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avropada davam edən etirazlar fonunda Fransa və İtaliyanın gələcəyi ilə bağlı bədbin fikirlər səsləndirib.
Tramp “Fox News” telekanalına telefon müsahibəsində Avropanın tənəzzül etdiyini iddia edib.
“Fransada, İtaliyada və digər ölkələrdə baş verənlərə baxın. Onların vəziyyəti olduqca pisdir. Düzünü desəm, bu ölkələr hətta mövcudluğunu davam etdirə bilməyə bilər”, – deyə ABŞ prezidenti bildirib.
Tramp əlavə edib ki, ABŞ bu ölkələrdən fərqli olaraq inkişaf edir və mövcud vəziyyətin belə davam etməsini istəyir.
Qeyd edək ki, Fransada etirazlar sentyabrın ortalarında başlayıb. Narazılığa müəllim çatışmazlığı və məktəb binalarının maliyyə çatışmazlığı səbəbindən yararsız vəziyyətə düşməsi səbəb olub. Sonradan aksiyalara ölkədəki ümumi vəziyyətdən narazı olan digər qruplar da qoşulub.
İtaliyada isə oktyabrın ortalarında enerji daşıyıcılarının və yanacağın bahalaşması, inflyasiya, silahlanma siyasəti və hərbi münaqişələrə etiraz olaraq kütləvi aksiyalar keçirilib. Bənzər etirazlar oktyabrın sonunda Almaniya, İspaniya və Albaniyada da baş verib.