1xeber.media xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Türkiyə ilə Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
“Anadolu” agentliyinin məlumatına görə, nazir bu fikirləri Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə Ankarada keçirilən qəbulda səsləndirib.
Yumaklı qeyd edib ki, Türkiyənin dövlət qurumları və şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası və inkişafı prosesinə töhfə verməkdə davam edir.
Nazir iki ölkə arasındakı münasibətlərin “Bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu vurğulayıb. O, Şuşa Bəyannaməsinin əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəlməsində mühüm rol oynadığını bildirib.
Yumaklının sözlərinə görə, Ankara və Bakı əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq üçün birgə fəaliyyətini davam etdirəcək.
O, həmçinin Qarabağda əldə edilən hərbi qələbənin regionda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün tarixi imkan yaratdığını qeyd edib.