Uşaq vaxtı hamımızın sinfində ən azı üç-dörd nəfər tapılardı ki, böyüyəndə nə olacaqsan soruşanda, dik durub fəxrlə "Müəllim!" deyərdi. İndi həmin uşaqların çoxu böyüyüb ya market şəbəkəsində menecerdir, ya da hansısa şirkətdə "mütəxəssis". Lap müəllim olanlar da var ey, sadəqə onlar indi hər il baş verən sertifikasiya stressindən saçlarını birtəhər qorumağa çalışırlar.
Gəlin real olaq, dostlar, bu ölkədə niyə müəllim olmaq istəyənlərin sayı günü-gündən azalır?
Əvvəla, son vaxtlar yazıq müəllimləri elə bil "imtahan maşınına" çeviriblər. Adını imtahan qoyublar, amma adamlar işlədikləri hər il üçün təzədən sübut eləməlidirlər ki, bəli, mən hələ də oxumağı-yazmağı bilirəm. Sanki həkimə hər il "gəl görək hələ də iynə vura bilirsən?" deyirlər. Hörmət elə sıfırlanıb ki, müəllim sinifdə uşağa bir kəlmə söz deyə bilmir. Valideyn dərhal məktəbə hücum çəkir, şagird isə telefonda müəllimi videoya çəkib "TikTok"a qoymaqla hədələyir. Hüquq var, amma təkcə şagirdin. Müəllimin tək hüququ isə səssizcə dərsini keçib çıxmaqdır.
O biri tərəfdən, məktəblərimizdə fərqli bir demoqrafik böhran yaşanır: kişi müəllimlər tamamilə yoxa çıxmaq üzrədir! "Kişi müəllim" anlayışı tezliklə "Qırmızı kitab"a düşəcək. Səbəb sadədir – ailə saxlamaq tələbi və mövcud maaşlar arasındakı tərs mütənasiblik. İndi bəzi kənd rayonlarında ümumiyyətlə müəllim tapılmır. İndi də çıxıb deyirlər ki, "bəs gənc müəllimlərə kirayə pulu veririk, yol xərci veririk, bəlkə gedib rayonlarda dərs deyəsiniz?". Ay qardaş, sən o müəllimə rayonda elə bir şərait, elə bir sosial status verməlisən ki, o, paytaxtın tıxacını qoyub ora qaçsın. Təkcə kirayə pulu ilə kənd məktəbini cazibədar etmək bir az çətin məsələdir.
Amma ən ağrılı yeri bilirsiz nədir? İndi hər yerindən duran özünə "müəllim" deyir. Repetitorluq fəaliyyəti, kurslar o qədər ayaqaltı olub ki, bir az pulu, bir az da auditoriyası olan hər kəs dərhal statusuna "müəllim" yazır. Dünən instaqramda "блогер" olan bu gün gənclərə "həyat dərsi" keçən müəllimə çevrilir. Əsl müəllim isə məktəbdə 500-600 manata sinif otağında boğazını yırtır.
Müəllimlik peşəsinin adını o qədər ucuzlaşdırdıq ki, axırda siniflərdə lövhənin qabağına keçməyə adam tapmayacağıq. Axı bu peşə təkcə imtahandan keçib bal toplamaq deyil, bu, gələcəyi formalaşdırmaqdır. Əgər bir cəmiyyətdə müəllimin nüfuzu "TikTok" trendlərindən və ya repetitor bazarından aşağıdırsa, deməli, oturub ciddi-ciddi düşünməyin vaxtı çoxdan çatıb. Həm də çoxdan...
Aidə Tofiqqızı
1xeber.media