Вернуться назад Распечатать

Şimali Koreya yenidən raket sınağı keçirdi

1xeber.media xəbər verir ki, Şimali Koreya çərşənbə günü ölkənin şərq sahillərindən dənizə doğru bir neçə raket buraxıb. Bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Məlumata görə, raketlər Şimali Koreyanın Cənubi Hamgyon əyalətində yerləşən Sondok bölgəsindən buraxılıb. Cənubi Koreya və ABŞ hərbçiləri silahların texniki xüsusiyyətlərini və uçuş göstəricilərini araşdırır.

Cənubi Koreya tərəfi ordunun Şimali Koreyanın hərbi fəaliyyətini yaxından izlədiyini və mümkün təxribatlara cavab verməyə hazır olduğunu bildirib.

Bu, Pxenyanın son bir ay ərzində həyata keçirdiyi dördüncü raket buraxılışıdır. Bundan əvvəl Şimali Koreya müxtəlif növ raket və döyüş başlıqlarının sınaqlarını keçirib.

Son buraxılış Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conun ABŞ-la dialoq məsələsinə münasibət bildirməsindən bir neçə saat sonra baş verib. O, Vaşinqtonun Pxenyana qarşı siyasətini dəyişməyəcəyi təqdirdə danışıqlara ehtiyac görmədiklərini bəyan edib.