1xeber.media xəbər verir ki, İndoneziya ordusu ölkənin paytaxtı Cakarta şəhərinə 20 mindən çox hərbçi və hərbi qulluqçu yerləşdirir. Bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, 20 980 nəfərin cəlb olunacağı hərbi yerləşdirmə ölkə prezidenti Prabovo Subiantonun telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı araşdırma fonunda həyata keçirilir. Bu iş üzrə üç yüksək rütbəli polis generalı saxlanılıb.
Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Yayan Sofiyanın sözlərinə görə, əlavə olaraq 13 140 hərbçi ehtiyatda saxlanılır və zərurət yaranarsa, paytaxta göndərilə bilər.
Qeyd edək ki, İndoneziya Silahlı Qüvvələrinin nümayəndəsi Məhəmməd Nas qoşunların Cakartaya yerləşdirilməsinin adi təhlükəsizlik tədbiri olduğunu bildirib. Rəsmilər hərbi qüvvələrin cəlb edilməsinin telefon dinləmələri ilə bağlı istintaqa birbaşa əlaqəsini təsdiqləməyiblər.
İstintaq çərçivəsində saxlanılan generallar prezidentin, dövlət rəsmilərinin, siyasətçilərin, jurnalistlərin və digər şəxslərin telefon danışıqlarını qanunsuz izləməkdə şübhəli bilinirlər. Onların bu ittihamlara münasibəti hələlik açıqlanmayıb.