Вернуться назад Распечатать

Yasamaldakı yanğında vəfat edən Könül Vəlibəylinin qızı ifadə verdi

Ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan “TAXES GROUP” MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

1xeber.media teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Fatimə Məmmədova ifadə verib.

O bildirib ki, həmin gün xəstəxanadan evə gəlib: "İy hiss elədim, yoldaşıma dedim. Qapını açanda tüstü gördük. Yoldaşım lazımı əşyaları - geyim və pulları götürməyi tapşırdı. Uşağı da götürüb aşağı düşməyə çalışdıq. Qapını açan kimi tüstü içəri doldu, fənər tutsaq da, göz-gözü görmürdü. Nəfəs almaq olmurdu. Güclə aşağı düşməyə başladıq. Birinci mərtəbəyə düşəndə yıxıldım, ayağım sındı. Birtəhər həmin yerdən çıxa bildik. Küçədə səs-küy var idi. Yoldaşım maşın tapdı, xəstəxanaya gəldik. Orada birinci uşağa baxmalarını xahiş etdim".

Zərərçəkmiş qeyd edib ki, həmin binada ailəsi ilə kirayədə qalanlardan və binanın aşağısında olan obyektlərdən xəbəri olmayıb. O, təqsirləndirilən şəxsi tanımadığını da deyib: "Həmin obyekinin sahibi ilə bina sakinləri arasında problemlərdən də xəbərim olmayıb. Evdar qadınam, evdən çölə çox vaxt çıxmamışam. Özüm, yoldaşım və azyaşlı övladım zərər çəkib. Təqsirləndirilən şəxsdən şikayətçiyəm".

Daha sonra zərərçəkmiş və hadisə zamanı vəfat etmiş Könül Vəlibəylinin qızı Ləman Qulamova ifadə verib. O, hadisə baş verən zaman evdən çıxıb birinci mərtəbəyə düşdüyünü deyib: "Həmin zaman özümü itirdim, baş verənlərdən xəbərim olmadı. 10 gün komada qaldım, 11 ay müalicə aldım. Vəziyyətim hələ də yaxşı deyil, sağalmamışam. Müalicə alsam da, nəticəsi yoxdur. Təqsirləndiriləndən şikayətçiyəm".

2000-ci il təvəllüdlü Ləman Qulamova həmin yanğında tüstüdən zəhərlənərək komaya düşüb və sonradan komadan ayılıb. Onun anası Bakı Milli Geyim Evinin rəhbəri olan Könül Vəlibəyli (Könül Hümbətova) hadisə zamanı həlak olub.

Təqsirləndirlilən Bəhruz Paşayev zərərçəkmişdən üzr istəyib, bildirib ki, onu da bu işdə aldadıblar, özünü günahkar sayır.

Zərərçəkmiş Vüqar Babaxanov bildirib ki, bacısı ilə evdəymiş, yanğın olduğunu hiss edib. Qapını açanda ətrafı tüstü basdığını görüb: "Anama zəng edib hadisə barədə xəbər verdim. Anam başa saldı ki, balkona çıxım, 25 dəqiqə sonra FHN işçisi gəldi. Bizi xəstəxanaya apardılar".

İttihama görə, "Taxes Group" MMC-nin direktoru və "Loft Dent" klinikasının rəhbəri Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yangın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub. O, "iVolt" brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırarkən "Azərişıq" ASC və Energetika Nazirliyinin müvafiq texniki şərtləri və icazələri olmadan, aidiyyəti elektrotexniki heyət cəlb etmədən qanunsuz elektrik xətləri çəkdirib.

Qeyd edək ki, ötən ilin noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.

Müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladıdır.

Digər vəfat edən Könül Hümbətova isə Bakı Milli Geyim Evinin rəhbəri olub.