Вернуться назад Распечатать

Ukraynada Milli Polisin yüksək vəzifəli əməkdaşı saxlanıldı

1xeber.media xəbər verir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Milli Polisin Strateji Araşdırmalar Departamentinin rəis müavini Vladimir Tsenovu saxlayıb.

Bu barədə “Ukrainska Pravda” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tsenov “Karfagen” adlı antikorrupsiya əməliyyatı çərçivəsində aparılan araşdırmanın fiqurantıdır. O, istintaq materiallarında “Prays” kod adı ilə qeyd olunur.

İstintaqın versiyasına əsasən, Tsenov polis əməkdaşları vasitəsilə qanunsuz fəaliyyət göstərən çağrı mərkəzlərinin himayə olunmasında iştirak edib. Həmin mərkəzlərin dələduzluq fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Qeyd edək ki, “Karfagen” əməliyyatı çərçivəsində Ukraynanın Təhlükəsizlik Xidməti, Milli Polisi və Baş Prokurorluğunun bəzi yüksək vəzifəli əməkdaşlarının da araşdırmaya cəlb olunduğu bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanunsuz biznes strukturlarının fəaliyyətinə şərait yaratmaq müqabilində rüşvət aldıqları iddia olunur.

Məlumatlara görə, araşdırma çərçivəsində bir neçə yüksək vəzifəli şəxs saxlanılıb, bəzi əməkdaşlar isə vəzifələrindən kənarlaşdırılıb.