Вернуться назад Распечатать

Taleh Qaraşov növbəti dəfə sakinlərlə görüşüb - FOTOLAR

Noyabrın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Şiləvar kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib. Görüşdə ŞİH aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

1xeber.media xəbər verir ki, səyyar qəbul zamanı ŞİH başçısı əvvəlki görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin icra vəziyyəti barədə məlumat verib. Bildirilib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilib, digər müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciətlər göndərilib.

Taleh Qaraşov vurğulayıb ki, sakinlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, qaldırılan hər bir məsələ diqqətdə saxlanılır və şəxsən onun nəzarətindədir.

Görüşdə Digah və Şiləvar kəndlərinin sakinlərinin fərdi və ümumi xarakterli müraciətləri dinlənilib. Bir sıra məsələlərin operativ həlli ilə bağlı yerində müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin isə qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırılması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi aidiyyəti vəzifəli şəxslərə həvalə olunub.

Qəbul zamanı kənd təsərrüfatının inkişafı, aqrar sahədə müasir yanaşmaların tətbiqi, rəqəmsallaşma prosesinin genişləndirilməsi və dövlət xidmətlərinin elektron platformalar vasitəsilə əlçatanlığının artırılması məsələləri də diqqətə çatdırılıb. Xüsusilə, vətəndaşların myGov platformasının imkanlarından istifadəsi, elektron xidmətlərdən yararlanması, şəxsi məlumat və sənədlərini rəqəmsal formada əldə etməsi ilə bağlı maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Aqrar sahədə rəqəmsal həllərin tətbiqinin fermerlər üçün yaradacağı imkanlar, kənd təsərrüfatı fəaliyyətinin səmərəliliyinin artırılması və müasir texnologiyalardan istifadənin vacibliyi qeyd olunub.

Digah və Şiləvar kəndlərinin sakinləri ölkədə vətəndaş-məmur münasibətlərinin inkişafından, müraciətlərə operativ və obyektiv yanaşılmasından məmnunluqlarını ifadə ediblər. Yerli sakinlər əhalinin sosial rifahının yüksəldilməsi, regionların inkişafı və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.