1xeber.media xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Konqresə aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəblərindən biri kimi İranla müharibəni göstərib.
“The New York Times”, “Politico” və BBC-nin hazırladığı icmala görə, Vensin açıqlamaları onun prezident Donald Trampla mövqelərinin fərqləndiyi barədə müzakirələrə səbəb olub.
Vens sosial şəbəkə paylaşımında bildirib ki, noyabrın 3-də keçirilən seçkilərdə Trampı dəstəkləyən bir sıra seçicilər müharibə, inflyasiya və ABŞ-ın İsraillə münasibətləri də daxil olmaqla müxtəlif səbəblərdən Demokratlar Partiyasının namizədlərinə səs veriblər.
Vitse-prezident Respublikaçıların məğlubiyyətində İranla müharibənin rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, seçkilərin nəticələrinə təsir edən əsas amillərdən biri məhz hərbi əməliyyatlarla bağlı qərar olub.
Məlumata əsasən, Vens paylaşımını dərc etməzdən əvvəl Trampla bölüşüb və prezidentdən müsbət münasibət alıb. Daha sonra Tramp jurnalistlərə vitse-prezidentin qiymətləndirməsinin böyük ölçüdə doğru olduğunu bildirib. Bununla belə, o, İrana qarşı hərbi əməliyyatları müdafiə etməkdə davam edib.
Nəşrlər Vensin bu açıqlamalarını onun 2028-ci il prezident seçkiləri ilə bağlı mümkün siyasi planları fonunda Trampla məsafə saxlamaq cəhdi kimi də qiymətləndirirlər. Lakin vitse-prezidentin belə bir kampaniyaya başlayacağı barədə rəsmi qərar açıqlanmayıb.