1xeber.media xəbər verir ki, deputat Vüqar Bayramov işləməyən şəxslər vəfat etdikdə onların ailələrinə dəfn müavinətinin ödənilməsini təklif edib.
Deputat bu təklifi Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı səsləndirib.
Vüqar Bayramov bildirib ki, hazırkı qaydalara əsasən, dəfn müavinəti müəyyən kateqoriyadan olan şəxslər, o cümlədən əmək pensiyaçıları, sığortaolunanlar və işsizlikdən sığorta ödənişi alan şəxslər vəfat etdikdə verilir. Deputatın fikrincə, işləməyən şəxslərin ailələrinin də belə maddi dəstəyə ehtiyacı var və bu kateqoriyanın da müavinət almaq imkanları nəzərdən keçirilməlidir.
O qeyd edib ki, 2025-ci ildə Azərbaycanda 33 806 nəfər vəfat edib. Onların 62,6 faizi 65 və yuxarı yaşda olub. Deputat hesab edir ki, təklifin reallaşdırılması dövlət üçün ciddi əlavə xərc yaratmaya bilər.
Vüqar Bayramov 2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması üçün dövlət büdcəsindən 1,6 milyard manat ayrılmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Bu il həmin məbləğ 1,7 milyard manat təşkil edib.
Deputat, həmçinin İşsizlikdən Sığorta Fondunun xərclərinin strukturuna diqqət çəkib. Bildirib ki, 319,2 milyon manatlıq ümumi xərclərin yalnız 36 milyon manatı birbaşa işsizlikdən sığorta ödənişlərinə yönəldiləcək. Bu səbəbdən fondun adının “Məşğulluq və işsizlikdən sığorta fondu” olaraq dəyişdirilməsini təklif edib.
Bayramov 2027-ci il üçün sosial sığorta haqları üzrə gəlirlərin 7 milyard 585 milyon manat proqnozlaşdırıldığını, uşağın anadan olmasına, uşağa qulluğa və dəfnə görə müavinət xərclərində də artım nəzərdə tutulduğunu bildirib.