Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-a dizel yanacağı daşıyan Rusiya tankerlərinin marşrutlarını dəyişdirməsi barədə yayılan məlumatları təkzib edib.
1xeber.media xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, ABŞ-a doğru hərəkət edən tankerlər əvvəlki marşrutları üzrə hərəkətlərini davam etdirirlər.
“Saxta məlumatdır. ABŞ-a gedən tankerlər öz marşrutları üzrə hərəkət etməyə davam edirlər”, – deyə Dmitriyev yazıb.
Rusiya rəsmisi, həmçinin “Financial Times” nəşrinin çoxsaylı saxta xəbərlər yaymasının səbəbini sual edib.
Xatırladaq ki, “Financial Times” daha əvvəl ABŞ Prezidenti Donald Trampın Rusiya dizel yanacağının alınması ilə bağlı təşəbbüsünün uğursuzluğa yaxınlaşdığını yazmışdı. Nəşrin məlumatına görə, ABŞ limanlarına doğru hərəkət edən üç tankerdən ən azı ikisi istiqamətini dəyişib. Dmitriyev isə bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.