Təbrik edirəm, dostlar, muştuluğumu verin: Day rahat-rahat ölə bilərik!
Bəli, səhv eşitmədiniz. rəsmi xəbərləri yəqin oxumusunuz, dəfn pulunu artırıblar. İndi o dünyaya köçmək büdcəmizə bir az daha "münasib" olacaq. Amma gəlin bir anlıq oturaq, o pulu və xərcləri baş-başa qoyub hesablayaq: görəsən, verilən bu artım doğrudan da dərdimizə məlhəm olacaq, yoxsa haramıza çatacaq?
İndiki dövrdə ölmək də bir dərddir, qalıb yaşamaq da. Bir insan rəhmətə gedəndə, ev yiyəsi bilmir öz gününə ağlasın, yoxsa ölüsünə. Hələ rəhmətliyin gözünü bağlamamış, evdə kimsə kənara çəkilib kalkulyatoru işə salır.
Başlayaq elə ilkin mərhələdən: yuyulması, kəfəni, qəbir yeri, daşınması, basdırılması… Hələ bunun mollası var, xidmətçisi var. Qəbiristanlıqdakı "qiymətləri" eşidəndə adamın rəhmətliyi qoyub özünə qəbir qazası gəlir. Elə bil qəbir yeri yox, dəniz kənarında "kupçalı" villa sahəsi alırsan.
Yaxşı, tutaq ki, birtəhər yerləşdik bura. Bəs hüzür yerində qurulan o nəhəng, içindən kondisionerli çadırlar? O çadırın bir günlük icarəsi, stol-stul pulu elə həmin o verilən müavinəti bir göz qırpımında udur. Üstəlik, bizim o məşhur "ehsan" ənənəmiz var axı. Hüzür yeri deyil, sanki beşulduzlu şadlıq sarayıdır. Gələnlərə aş, ət, növbənöv meyvələr, xurmanın ən bahalısı, çayın yanında ləbləbi… Adam baxır ki, rəhmətlik sağlığında belə süfrə görməyib.
Ev yiyəsi də qonaqlar "görəsən, çayın yanına nə qoyacaqlar?" deyə baxmasınlar deyə, gedib faizlə borca girir. Yas bitir, rəhmətlik gedir öz dünyasına, qalanlar isə növbəti bir neçə ili həmin ehsanın borcunu ödəməklə keçirir.
İndi hökumətimiz sağ olsun, dəfn pulunu artırıb ki, millətin yükü yüngülləşsin. Amma bu inflyasiyanın, bu bazarın yanında o pul, toyda bəyin cibinə atılan şabaş kimi bir şeydir – varlığı ilə yoxluğu bilinmir. Çadıra bəs eləsə, qəbirstanlığa çatmır; qəbirstanlığa bəs eləsə, ehsanın halvasına pul qalmır.
Sözümün canı odur ki, dostlar, ölümün də qiyməti qalxıb. İndiki zəmanədə ölmək də böyük bir lüksə çevrilib. Odur ki, hələlik tələsməyin, canınızı qoruyun. Çünki bu xərclərlə ölmək, yaşamaqdan daha baha başa gəlir. Allah hamıya can sağlığı versin, amma hər ehtimala qarşı bir kənara "çadır pulu" yığmağı da unutmayın!
Aidə Tofiqızı
1xeber.media