Biznesmen xanımın sözlərinə görə, bir müddət əvvəl mənzil-tikinti kooperativi (MTK) ilə arasında yaranmış ödəniş mübahisəsi zamanı Camal Bağırzadə ilə tanış olub. Özünü vəkil kimi təqdim edən həmin şəxs hüquqi məsələlərin həllində ona kömək edəcəyini, dövlət qurumlarında və məhkəmələrdə maraqlarını təmsil edəcəyini, bunun üçün lazımi hüquqi prosedurları həyata keçirərək vəkil orderi əldə edəcəyini bildirib.
Bundan sonra Camal Bağırzadə müxtəlif dövlət qurumlarına müraciətlər, məhkəmə işləri və digər hüquqi xidmətlər adı altında, həmçinin vəkil orderi alacağını vəd edərək İrlanə Qasımovadan ümumilikdə 13 min manata yaxın pul alıb.
Bununla da kifayətlənməyən həmin şəxs ailə üzvləri arasında yaranmış əmlak mübahisəsi zamanı qarşı tərəflə də münasibət quraraq onlardan təxminən 6 min manat vəsait əldə edib. Beləliklə, ailədən alınan ümumi məbləğ 19 min manata yaxın olub.
Məsələnin ən diqqətçəkən tərəfi isə məhkəmə prosesi zamanı yaşanıb. Camal Bağırzadə məhkəmə iclasında vəkil orderi təqdim edə bilmədiyi üçün hakim tərəfindən məhkəmə zalından çıxarılıb. Bundan sonra İrlanə Qasımova onun məhkəmədə rəsmi qaydada təmsilçilik səlahiyyətinin olmadığını anlayıb.
Hadisədən sonra İrlanə Qasımova həmin şəxslə bütün münasibətlərini dayandırıb və ASAN İmza vasitəsini də geri alıb. Daha sonra Vəkillər Kollegiyasının üzvü olan rəsmi vəkillə müqavilə bağlayaraq hüquqi məsələlərinin həllini ona həvalə edib. Nəticədə vəkilin apardığı hüquqi iş və danışıqlar sayəsində MTK ilə razılıq əldə olunub və ona çatacaq ödəniş təmin edilib.
Lakin bundan sonra Camal Bağırzadə MTK-dan alınan ödənişin onun xidmətləri nəticəsində əldə edildiyini əsas gətirərək İrlanə Qasımovadan əlavə 25 min manat tələb etməyə başlayıb. Bu tələbin qəbul edilməməsi tərəflər arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olub.
İrlanə Qasımovanın bildirdiyinə görə, bundan sonra onun və ailə üzvlərinin ünvanına sosial şəbəkələrdə təhqiramiz və alçaldıcı paylaşımlar edilməyə başlanılıb. Onun haqqında əxlaqsızlıq məzmunlu ifadələr işlədilib, ailə üzvləri təhqir olunub.
Ən ağır məqam isə azyaşlı övladının fotosundan istifadə edilməsidir. Belə ki, uşağın təsvirinin üzərinə nalayiq və əxlaqsız məzmunlu qrafik təsvirlər əlavə edilərək sosial şəbəkələrdə paylaşılıb. Bu hərəkətlər ailənin ciddi narahatlığına səbəb olub.
İrlanə Qasımova ailəsinə, xüsusilə də azyaşlı övladına qarşı bu cür davranışların yolverilməz olduğunu bildirərək təhqir və təzyiqlərə son qoyulmasını tələb edir.
Məsələ ilə bağlı xanım biznesmen və ailə üzvlərinin müraciətləri əsasında Nizami Rayon Polis İdarəsində araşdırma aparılır və Camal Bağırzadə barəsində cinayət işi başlanılıb.
Hüquq-mühafizə orqanlarından məsələnin hərtərəfli araşdırılmasını, ailə üzvlərinin hüquqlarının qorunmasını və baş verənlərə qanun çərçivəsində hüquqi qiymət verilməsini istəyir.
O, başına gələnləri ictimailəşdirməkdə məqsədinin vətəndaşları özünü vəkil kimi təqdim edən şəxslərlə münasibətdə diqqətli olmağa çağırmaq, eyni zamanda ailəsinə qarşı yönəlmiş təhqir və alçaldıcı paylaşımların qarşısını almaq olduğunu vurğulayır.
Qarşı tərəfin də mövqeyini dinləməyə və Camal Bağırzadənin məsələ ilə bağlı açıqlamasını dərc etməyə hazırıq.
1xeber.media xəbər verir ki,“Real Azərbaycan”a müraciət edən biznesmen xanım İrlanə Qasımova özünü vəkil kimi təqdim edən Camal Bağırzadə ilə bağlı başına gələnləri ictimaiyyətə açıqlayıb. O, hüquqi məsələlərinin həlli adı altında ondan və ailə üzvlərindən ümumilikdə 19 min manata yaxın pul alındığını, sonradan isə ailəsinə qarşı sosial şəbəkələrdə təhqiramiz və alçaldıcı paylaşımlar edildiyini bildirib.